AĞ ATLI OĞLAN
(Azərbaycan xalq nağılı)
Biri varmış, biri yoxmuş, Döşgüvar adlı bir padşah varmış. Bu, çox zülmkar padşahmış. Padşahlığı öz əlinə almaq üçün atasına da zəhər verib öldürübmüş. Döşgüvar padşah taxta çıxan gündən camaatın günü qara olubmuş. Ən kiçik iş üstündə adam öldürməkdən çəkinməzmiş.
Döşgüvar padşahın üç oğlu varmış. Xan qızından olan oğlunun adı Xanbala, bəy qızından olan oğlunun adı Bəybala, dəvəçi qızından olan oğlunun adı Nərbala imiş. Padşah Xanbala və Bəybalanı Nərbaladan[1] çox istərmiş. Nərbalanın anası dəvəçi qızı olduğuna görə, ona fikir verməzmiş. Amma Nərbala o biri qardaşlarından həm güclü, həm də ağıllı imiş.
Döşgüvar padşahın ölkəsində adamyeyən bir dərviş varmış. Padşahın oğlanları on beş yaşına çatanda dərviş padşahın oğullarının birini istəyir. Döşgüvar padşah deyir:
– Nə istəyirsən verim, amma oğlanlarımı yox.
Dərviş deyir:
– Mənə heç nə lazım deyil, əgər verməsən, elə bir şey elərəm ki, oğlanlarının üçü də ölər!
İşi belə görən padşah deyir:
– Qoy Nərbala qurban olsun Xanbala ilə Bəybalaya, apar, nə istəyirsən elə!
Nərbalanın anası nə qədər yalvarır ki, oğlunu bədbəxt eləmə, padşah qulaq asmır, qəzəblənib onu da zindana saldırır.
Dərviş Nərbalanı götürüb yola düşür. Amma Nərbala anasının zindana salınmasından xəbər tutmur. Dərvişlə Nərbala az gedirlər, çox gedirlər, səhərə az qlmış, iki dağın arasına çatırlar. Nərbala qolları bağlı, dərvişin dalınca gedirdi. Birdən görür ki, bir quru kəllə dığırlana-dığırlana gedir, həm də danışır:
– Nərbala, bu dərviş adamyeyəndi. Mən də sənin kimi cavan olanda atamdan-anamdan alıb gətirdi, təndirə salıb bişirdi, yedi. Özünü qoru, bizim də qanımızı al.
Nərbala bilmir nə eləsin, qolları bağlı olduğundan qaça da bilmir.
Dərviş birdən dayanır, deyir: – Çatdıq.
Nərbala görür ki, böyük bir binanın qabağındadır. Dərviş qapını açıb, Nərbalanı içəri salır, özü də onun dalınca girir, sonra qapını bağlayır. Dərviş Nərbalaya deyir:
– Mənim heç kəsim yoxdur, səni özümə oğul eyləyəcəyəm.
Dərviş otaqdan çıxır, qapını bağlayıb gedir.Nərbala yorulduğundan, qolları bağlı uzanıb yatır. Səhər dərvişin ayaq səsi onu oyadır.
Dərviş içəri girir, Nərbalanın qollarını açıb deyir:
– Bu mal, bu dövlət hamısı sənindir. Çörəyimiz yoxdur, gəl qabaqca təndiri çörək bişirək, sonra gör sənə nələr göstərəcəyəm.
Təndir sözünü eşidəndə, kəllənin dedikləri Nərbalanın yadına düşür. Amma qorxmur, əlləri açıqdı. Bilir ki, dərvişin ona güçü çatmaz. Nərbala dərvişin bütün danışığına diqqətlə fikir verir.
Dərviş Nərbalaya deyir:
– Xəmir yoğurursan, yoxsa təndiri yandırırsan?
Nərbala deyir:
– Baba dərviş, biz ki, qta-bala olduq, daha yaramaz ki, mən duran yerdə sən iş görəsən. Amma mən hələ bacarmıram. Bu günlüyə sən elə, mən baxim, öyrənim.
Dərviş deyir:
– Doğru deyirsən, bala, bax, öyrən!
Dərviş təndiri yandırır. Sonra un gətirib, xəmiri yoğurmağa başlayır.
Təndir közərir. Dərviş yekə bir tiyan gətirib salır təndirin içinə.
Nərbala soruşur:
– Baba dərviş, bu tiyan nə üçündür?
Dərviş deyir:
– Oğlum, çörəyi bu tiyanın divarlarına yapacağıq ki, küt düşəndə xarab olmasın.
Nərbala başa düşür ki, dərviş yalan deyir. Kəllənin dedikləri yadına düşür. Dərviş istəyir ki, Nərbalanı həmin tiyanın içinə basıb bişirsin. Nərbala heç bir söz deməyib gözləyir ki, görsün işin axırı nə olur...
[1] Nərbala "nər” sözündəndir, dəvə deməkdir. Anası dəvəçi qızı olduğuna görə ona belə ad verilmişdi.