Göyərçin
Keçmiş əyyamda Şərq ölkələrinin iki qüdrətli şahı arasında düşmənçilik yaranır. Gündə biri-birinə hədə-qorxu gəlirlər. Nəhayət, şahın biri o birinə müharibə elan edib onu təkbətək meydana çağırır.
Döyüşə çağırılan şah 15 il idi ki, müharibə etmirdi. Odur ki, döyüş papağını əl-ayaqdan uzaq köhnə otaqlardan birində qoymuşdu. Vuruşmaya bir gün qalmış şah anasından döyüş papağını gətirməsini xahiş edir. Lakin çox çəkmir ki, anası əliboş qayıdır. Oğlu anasından soruşur:
- Nə üçün papağımı gətirmədin?
Anası oğluna müəmmalı cavab verir:
- Papağı gətirə bilmədim.
- Ana, mən səni başa düşmürəm. Döyüş papağımı gətir, mənə qələbə xeyir-duası ver.
- Döyüş papağın o qədər sirli-sehirli idi ki, onu yerindən tərpətməyə gücüm çatmadı.
- Mənim gücüm çatar.
Ana oğlunun ayaqlarına döşəndi:
- Səni and verirəm halal südümə, papağa dəymə!..
- Anacan, mən şaham! Şah meydanına papaqsız, dəbilqəsiz necə çıxım?
Ana oğlunu inadından döndərmək üçün gördüklərini açmalı olur:
- Bala, sənin döyüş papağının içində indiyədək heç kimə ziyan vurmayan, dünyada ən dinc heyvan olan ağ göyərçin yuva qurub. Özünün də üç dənə ətcə balası var. Onları təhlükəsiz bir yerdə boya-başa çatdırmaq istəyir. Mən bu günahsız balalara toxunsam, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə bəlalar gətirər.
Bu sözləri eşidən oğlu heç nə demir. Şahlıq dəbilqəsini ağ göyərçinə tapşırıb başıaçıq düşmənin döyüş meydanına çıxır. Döyüşə gələn şah rəqibinin döyüş papağı olmadan döyüşə gəldiyinə təəccüblənir. Bu sirli oyunun səbəbini soruşur. Dəbilqəsiz şah deyir:
- Mənim papağımda ağ göyərçin üç bala çıxardıb. Anam südünə and verdi ki, balalara toxunmayım, insanları yersiz bəlalara düçar etməyim.
Rəqib şah sözə inanmır. Vəzirini göndərir ki, gedib bunun düzgünlüyünü yoxlasın. Bir azdan vəzir qayıdır. Hər şeyin doğru olduğunu söyləyir. Bunu eşidən şah dərin fikrə dalır. Əlini düşməninə uzadıb deyir:
- Gəl barışaq, sülh bağlayaq! Sənin anan bir quşun – ağ göyərçinin evini dağıtmaq istəmir. Bəs niyə biz nahaq qan töküb minlərlə insanın evini dağıdaq?
Onlar sülh bağlayırlar. O gündən ağ göyərçin sülh quşu, sülh elçisi hesab olunur.