MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Namiq Abdullayev
Bölmələr

******

24.12.2024, 17:04

Namiq Abdullayev

(1928-1992)


Azərbaycan ədəbiyyatında fantastik əsərlər müəllifi kimi tanınan Abdullayev Namiq Ələkbər oğlu Xızıda anadan olmuşdur. O, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil almışdır. Bir müddət müəllimlik etmiş, sonralar nəşriyyatda, radio və televiziyada işləmişdir.

N.Abdullayev ədəbi fəaliyyətə 50-ci illərdən başlayıb. Onun fantastik hekayələri, povest və nağılları çap edilmiş, "Tərs gün”, "Kiberlandiya” pyesləri teatr səhnəsində tamaşaya qoyulmuşdur.


      N.Abdullayev müxtəlif illərdə nəşr olunmuş "Sehrli oğlan”, "itirilmiş dünya”, "Balaca Kiberin macəraları”, "Gecələr uzanaydı”, "Piyada vəzirə çevrilir” kitablarının müəllifidir. Bu fantastik əsərlərdə insanın, bəşəriyyətin taleyi üçün narahatlıq, təbiətin sirlərini dərk etmək, ondan insan naminə bəhrələnmək arzusu öz bədii əksini tapmışdır.

"Atlantidadan gələn adam” hekayəsində əsərin qəhrəmanı sadə balıqçı Antellonun həyatda qarşılaşdığı problemlərdən, insana humanist, dözümlü münasibətin zəruriliyindən söz açılır. Həyat elə gətirir ki, qəfil bir faciə ilə üzləşən Antello tanımadığı, dilini, adət-ənənəsini bilmədiyi insanların köməyi ilə düşdüyü vəziyyətdən çıxış yolu axtarır. Lakin müxtəlif mədəniyyətləri təmsil edən, müxtəlif mühitdə yaşamış bu insanların qarşılıqlı münasibətləri sadə deyildir, onlar bir-biri ilə münasibətdə ciddi çətinliklərlə qarşılaşırlar.

Əsəri oxuyarkən oradakı fantastika elementlərinə xüsusi diqqət yetirin. Bu fantastik hekayənin oxuduğunuz digər hekayələrdən fərqi barədə düşünün.

 




Copyright Ədəbiyyat dərsliyi © 2024