MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Mir Calal Paşayev
Bölmələr

******

24.12.2024, 15:47

Mir Cəlal Paşayev

(1908-1978)


Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanın Əndəbil kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə Köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur. Kazan Şərq Pedaqoji İnstitutuna ədəbiyyat şöbəsində (1930-32), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir. 1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist” qəzetində şöbə müdiri, "Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmləri Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932-1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən). Bədii yaradıcılıqla yanaşı elmi yaradıcılıqla da məşğul olmuşdur. Füzuliyə həsr etdiyi elmi əsərlər xüsusilə qiymətlidir. Mircəlal Paşayev həmçinin C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq və başqa sənətkarların yaradıcılığı haqda tədqiqat əsərləri yazmışdır. Mircəlalın bədii əsərlərində yoxsulluq, sadəinsanların həyatı diqqət mərkəzində olmuşdur. Belə insanların keçdiyi faciəli ömür yolunu ürək yanğısı ilə təsvir edən yazıçının qəhrəmanları yaratdığı bədii lövhələr oxucuya güclü təsir edir, uzun müddət unudulmur. O, "Qafqazın müdafiəsinə görə”, "Əmək igidliyinə görə” (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), "Qırmızı əmək bayrağı” (1967), "Oktyabr inqilabı” (1978) və iki dəfə "Şərəf nişanı” (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.


Gülgəz

Gülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

Alı baba nəvəsinə acıqlandı:

- Tullasana çölə, çubuğu nə üçün yuxarı başa keçirirsən?

Gülgəz dedi:

-         Müəllim istəyib, lazımdır.

-         Neynir müəllim? İndi də köhnə zəmanə deyil ki, uşaq döyə.

-         Dərs öyrədəcək.

-         Çubuqdan nə dərs?

-         Peyvənd edəcəyik!

Peyvənd adı gələndə Alı babanın baxışı və səsi dəyişdi.

-         Onu mənə görüm! Peyvənd?!

O, yumşaq divandan qalxıb irəli, nəvəsinə sarı gəldi. Badam ağacından kəsilmiş çubuğu əlinə alıb, diqqət etdi, sonraGülgəzin üzünə baxdı.

- Bu peyvəndə yaramaz, bala! Bir az naziyi gərək ola. Puçurlarını da tökübsən, bunun harası göyərsin? Alı baba bir az susdu. Sanki dediklərinin cavabını gözləyir, yaxud məsləhətinin bağışladığı təsiri yoxlayırdı. Nədənsə bir də təkrar etdi:

- Yox, bu peyvəndə yaramaz!

Gülgəz babasına nə isə demək istəyirdi. Ala və girdə gözləri ilə bir-iki dəfə altdan-yuxarı baxdı, dinməz-söyləməz çubuğu alıb, sumkasının yanına, küncə qoydu ki, səhər məktəbə gedəndə yadından çıxmasın.

Gülgəz niyə dinmədi? Ona görə ki, babasının dediklərinə inanmadı.

Güman etməyin ki, Gülgəz babasına inanmırdı. Yox, Gülgəz Alı babaya inanır, ona hörmət edir, onu bərk sevirdi. Alı baba desə ki, bala, bu axşam oynamağa getmə, soyuq dəyər, Gülgəz yerində oturar. Alı babanın başı ağrıyanda Gülgəz də məyus, kefsiz olar, bir kəsə qoşulmaz, babasının yanını kəsər, həkim çağırar, aptekə qaçar, ona qulluq edər. Hərdən də balaca və sərin əllərini onun ağarmış başına qoyaraq deyər: "Baba, yaxşı olmuşsan, daha ayağa dura bilərsən”.

Bəs Gülgəz Alı babanın sözünə niyə inanmadı? Bəlkə o, peyvənd işini babasından yaxşı bilir. Yox, bu da deyil. Gülgəzin inanmamağında, əslində baxsan Alı babanın özü müqəssirdir. Gülgəzin indi on bir yaşı var. Gözünü açan gündən evdə Alı babanı görüb, onun mehriban qucağında, əlində böyüyüb, onun nəsihəti, tərbiyəsi ilə, əlindən dadlı meyvələr, bahalı qəribə şirnilər yeyərək, gətirdiyi peşkəşlərdən sevinərək fərəhlənib böyüyübdür.

Gülgəzin atası "M.F.Axundov” gəmisində çalışardı. Həftənin çoxunu dənizdə, su üzərində səyahətdə keçirərdi. Evə gələndə də Gülgəz ona az yovuşardı. Alı baba özünü uşağa elə sevdirmişdi ki, nə ata, nə ana yada düşərdi. Uşaq babası ilə oynayar. Babası da uşağı ilə əylənər, qocalıq günlərində, sanki uşaqlıq həyatını yenidən təkrar edərək, ləzzət alardı.

Gün olmazdı ki, Alı baba onun yanına əliboş gəlsin. Içəri girən kimi əlini gödəkcəsinin cibinə salardı. Gülgəz zirək bir pişik balası kimi, onun üstünə dırmaşar, cibindəkini götürmək istərdi. Baba əlini möhkəm saxlar, Gülgəzin zənnini yoxlardı:

-         Tap görüm, ovcumda nə var?

Gülgəz üzünə tökülən, gözünü örtən saçlarını kənar etmək üçün başını silkər, gülə-gülə deyərdi:

-         Konfet!

-         Yox!

-         Şokolad!

-         Olmadı!

-         Noğuldurmu?!

-         Tapmadın!

-         Fındıq?

-         Deyil!

-         Bu nədi axı?..

Uşağın intizarına dözməyən kişi bir də görərdin əlini ehmalca cibindən çıxardı, ovcunda bir sığırçın balası civildədi.

Gülgəz quşu bağrına basanda, sevincindən gözləri parıldar, rəngi pul kimi qızarar, deməyə söz tapmaz, yoldaşlarını çağırar, şirin-şirin gülərdi. Alı baba uşağın başını tumarlar, ömrü boyu heç şeydən duymadığı bir nəşə alardı.

Bəs Gülgəz Alı babanın bugünkü sözünə niyə inanmadı?

Gülgəz məktəbə gedəndən bəri kitaba çox meyl bağlamışdı. Babası ilə oynayanda da kitabı əlindən qoymazdı. Barmağını kitabın vərəqlərinə qoyub soruşardı:

-         Baba, bu nə hərfidir?

Alı baba məyus cavab verərdi:

-         Bilmirəm, qızım!

-         Baba bu sözü oxu da!

Baba başa salardı:

-                     Qızım, mən savadsızam, dərsdən başım çıxmaz. Belə şeyləri sən məndən yaxşı bilirsən.

-         Niyə savadsızsan, ay baba?

-                     Çünki bizi oxutmayıblar. Köhnə zamanın üzü qara olsun. Yaxşıca kor qoydu babanı...

Babasının bu sözlərini eşidəndə Gülgəz də qüssələnərdi. Uşaq babasının gücsüzlüyünü ilk dəfə görər, ilk dəfə duyardı. Dərs soruşduğuna, babasının qüssələndiyinə peşman olardı və ondan bir daha heç nə soruşmazdı. Dərsi çətinə düşəndə qonşusunu, pioner Qurbanı çağırardı.

O idi ki, babası badam çubuğundan, peyvənddən danışanda Gülgəz inanmadı. İstədi babasına cavab qaytarsın, desin: "Sən oxumamışsan, nə bilirsən?” Lakin hörmətini saxladı. Heç nə demədi. Ürəyində qət etdi ki, qoy nə deyir desin, sabah mən çubuğu müəllimə verərəm, özü baxar, görüm nə deyər.

Gülgəz elə də etdi. Sabah portfel qoltuğunda, badam çubuğu əlində birbaş müəllimlər otağına, Məhiş müəllimin yanına getdi.

- Müəllim, çubuq gətirmişəm ki, peyvənd eləyək! – dedi.

Məhiş müəllim çubuğu diqqətlə nəzərdən keçirdi, gülümsündü:

-         Bunu kim kəsib?

-         Özüm.

-         Tumurcuqlarını kim yolub?

-         Mən.

-   Çox səliqə ilə təmizləmişsən, amma nahaq iş görmüşsən. Qızım, bil, tumurcuqsuz qabıqdan edilən peyvənd tutmaz! Bəs o haradan göyərsin? Kəsib calasaq bu qabıq təzədən tumurcuq gətirməz. Gərək heç olmasa bir-iki tumurcuq qalaydı. Özü də bu canlıdır, hələ ağacı bərkiməmiş budaqlar olur, tutub belə əyirsən ha, onlardan kəsmək lazımdır.

Gülgəz gördü ki, müəllim də Alı baba deyənləri deyir, soruşd:

-         Müəllim, babam sizinlə danışmayıb ki?

-         Yox, nə barədə?

-         Elə bu barədə babam nə deyib?

Müəllim bir şey duymadı:

-         Yox, - dedi, - mənə bir şey deyən olmayıb. Necə bəyəm?

Gülgəz: "Heç” – deyib otaqdan çıxdı, badam çubuğunu qırıb, küçəyə atdı.

Gülgəz düşünürdü ki, babam oxumaq bilməsə də yəgin məktəbə getmişdir. Ona haradasa dərs veriblər. Dərs verməsəydilər, müəllim bilənləri necə bilərdi? Anasından soruşdu:

-         Babama kim dərs verib?

-         Heç kəs, baban harada oxudu ki?

-         Oxumayıb bəs haradan bilir?

-         Nəyi bilir, ay qız, gücnən əlif-bey bilir.

-         Əlif-bey yox, ey, botanika!

Anası uşağın qolundan tutub, babasının yanına apardı.

-         Özün cavab ver buna, gör nə soruşur?

-         Baba, bəs sən deyirdin ki, savadım yoxdur.

-         Yoxdu da, qızım, bəs savadım var, adımı niyə çətin yaza bilirəm?

-         Yoxdu, bəs botanikanı nə bilirsən?

Alı baba duruxdu.

-         Nə, botinka?

-         Botinka yox ey, botanika.

-         Botanika nədi?

-         Peyvəndi nə bilirsən bəs?

Alı babanı gülmək tutdu. Uşağın başını tumarladı, başa saldı:

- Peyvəndin savada nə dəxli, qızım! Peyvənd mənim sənətimdir. Saçımı, saqqalımı bağ-bağça işində ağartmışam, onu da yaxşı bilməyim? Onu da mənə çox görürsən? Bu bizim ata-baba peşəmizdir. Gözümüzü açandan bağ-bağçada böyüməmişikmi? Düzdü, kağızdan başım çıxmır, ancaq görürsən o uzun ağacı? – Alı baba Gülgəzi pəncərənin qabağına çağırdı, nəhayət, barmağını bağçaya tərəf uzatdı: - Görürsən o uzun ağacı? Qələmdir. Həyətdə ondan ucası yoxdur. Dörd verstlikdən görünür. Ucalığına baxma, ancaq boy-buxunu var. Uzandıqca uzanır. Çiçəyi yox, meyvəsi yox, yarpağı acı, mal yeməz, çubuğu pis, dirəyi davamsız. Di gəl onun forsuna bax! Boynunu həmişə dik tutar. Başqa ağaclara gün vermək istəməz. Amma yanındakı xırda ağacı görürsən, badam ağacıdır. Qıraqdan kola oxşayır. Altıca yaşı var. Yaz açılanda payız qovuşana qədər həmişə bar verir. Çağalasını yemisən, yetişəndə özü qabıqdan çıxır, ağacı silkən kimi badam tökülür. Qabığı da karsız deyil, yaxşı qov hazırlamaq olur. İçindəki badam başdan-ayağa yağdır. Sındırıb iç eləyirsən, qabığını da peçdə yandırırsan, daş kömür kimi közü düşür. Badam yarpağı qoyun-quzu üçün yap-piydir. Ətirli çiçəyindən arılar bal əmir, çubuğu zoğaldan möhkəm olur, gövdəsi yapışqan verir ki, idarələrə lazım olur. Kölgəsi də sıx, bulaq başı kimi sərin!..

Müəllim bar verən ağaclardan danışanda Gülgəz yerində narahat idi. O, müəllimin sözünü kəsmək, babasından öyrəndiklərini demək istəyirdi. Gülgəz bununla özünü göstərmək, biliyi ilə lovğalanmaq istəmirdi. O, xəyalında tutmuşdu ki, "Babam deyənləri danışaram, görüm müəllim təsdiqləyəcək ya yox...”

Ancaq müəllim həvəslə danışır, uşaqların hamısı diqqətlə qulaq asırdı. Gülgəz danışa bilməyəcəkdi. Danışsa da onu dinləyən kim idi? Ürəyində çox götür-qoy elədi. Sağa baxdı, sola baxdı, danışmağa imkan tapmadı. Müəllim, sözünü gətirib badam ağacına yetirəndə Gülgəz özünü saxlaya bilmədi. Yerindən qalxdı, heyrət göstərən bir ahənglə soruşdu:

-         Müəllim, bunlar hamısı kitabda yazılıb?

Gülgəzin bu gözlənilməz və qəribə sualını eşidən bütün uşaqlar ona tərəf döndülər. Uşaqlar ona, o, müəllimə, müəllim də ona baxırdı. Lakin müəllim sözünü dayandırmadı. Danışa-danışa, yavaş-yavaş Gülgəzin skamyasına yanaşdı. Hamının gözü müəllimdə idi. Gülgəzə nə deyəcəyini gözləyirdilər.

Müəllim dedi:

- Bəli, Gülgəz, bunların hamısı kitabda yazılıbdır. Ancaq adam dərs arasında sual verməz. Qoy mən qurtarım, sonra barmaq qaldırarsan, istədiyin sualı verərsən. Elə deyilmi?

- Bəli, elədir.

Gülgəz bir az utandısa da, müəllimin sözlərini sakitcə dinlədi. Ürəyində suallarını düzəltdi, dərsin axırını gözlədi.

Müəllim danışandan sonra kitabları açdırdı, şəkilləri göstərdi. Bir şəkil böyüdüb divara vurmağı sinif nümayəndəsinə tapşırdı. Sonra əllərinin tabaşirini çırpıb dayandı. Üzünü uşaqlara tutub dedi:

-         İndi kimin sualı var?

Gülgəz söz alıb ayağa qalxdı:

-         Müəllim, deyisiniz kitabdadır. Bunların hamısını babam danışır.

Müəllim maraqlandı:

-         Danışanda nə olar! Daha yaxşı yadında qalar.

-         Yox, müəllim babam kitab oxuya bilmir bəs siz deyənləri haradan bilir?

-         Baban kimdir?

-         Alı baba.

-         Alı baba nəyi bilir?

-         Ağacları, gülləri. Peyvənd də eləyə bilir.

Gülgəzin sualı müəllimin xoşuna gəldi:

-         Qızım, baban oxumaq bilməsə də təcrübəlidir. Alı babanın neçı yaşı var?

-         Nə bilim, müəllim, altmışdan çox.

- Altmış yaşında kişi dünyagörmüş adamdır. Bağ işində, görünür təcrübəsi çoxdur.

Gülgəz bir də soruşdu:

-         Dərs verməsələr nə biləcək?

-                     Qulaq as, bala, dərs göydən düşmür. Kitabı, dərsi yazan da bilikli, təcrübəli adamlardır. Bağbanların çoxu savadsız idi. Əkinçilərdən eləsi var məktəb görməyib, yazı bilmir, amma əkin işini aqronom kimi bilir. Nə üçün? Təcrübə sayəsində, öz zəhməti sayəsində, işə diqqətlə göz qoyması sayəsində. – Müəllim üzünü uşaqlara tutub dedi: - Biz zəhmətlə biliyi, elmi ayırmırıq. Çünki biz zəhmətlə dəyişən, insan əməyilə düzələn dünyanı öyrənirik. Uşaqlar, bəzi qocalar savadsız olsalar da, uzun ömür sürüblər, təcrübə eləyiblər. Mən bir arı saxlayan tanıyıram ki, kitab yazanlar ondan öyrənirlər. Aqronomlar uzaq şəhərlərdən onun yanına gəlirlər. Amma kişinin özü oxumaq bilmir. Otuz il arılara qulluq eləyibdir. Onların xörəyini, səsini, yaşayışını, şan bağlamalarını ovucunun içi kimi bilir, uzaqdan arıların uçuşuna baxan kimi deyir: "Bunların anası naxoşdur”. Nədən bilir? Təcrübədən, bir işin dalında sümük sındırmaqdan! Gülgəzin babası da elə, bağ işində çalışmaqdan botanikanı təcrübə yolu ilə bilir. Elə deyilmi?

Gülgəz razılıqla başını tərpətdi:

-         Bəli, müəllim.

Bu dərsdən sonra Alı baba Gülgəzin gözündə daha da böyüdü: indiyə kimi uşaq, Alı babanı ancaq bir baba kimi tanıyırdı. Baba səhər zənbili götürüb bazara getməlidir; günaşırı həyət bağçasında, ləklərin arasında qurdalanmalıdır – Yer belləməli, tənək kəsməli, ağac gövdələrinə dərman vurmalıdır; axşam ya şəhərə çıxıb, nəvəsinə çərəzdən-zaddan almalı, ya eyvanda oturub, evə gələn qonaqları qarşılamalı, çubuq çəkməli, söhbət etməlidir; bayramda hədiyyə gətirməli, qış gecələrində nağıl danşmalıdır.Alı baba budur, bunun üçün yaranmışdır.

İndi Gülgəz babasını ayrı cür tanıyırdı.

Bu alçaqboy, ağsaqqal qarapaltar kişiyə baxanda Gülgəzin yadına müəllim, məktəb, botanika dərsi düşürdü. Gülgəz onun zahirində dərsdən heç bir əlamət görmürdü. Ancaq onun ağacları göstərən şəhadət barmağı, bel, qayçı, mişar tutan bərk əlləri, gəlin kimi bəzənmiş həyət bağçası, babanı müəllimə, kitaba yanaşdırdı.

Alı baba əlində bel arxın qırağında dayananda Gülgəzin gözünə qədim, qalın və qiymətli bir kitab kimi görünürdü. Bu kitabda öyrənməli, götürməli çox şeylər var. Bunları seçib çıxarmaq, yeni əlifbada – yeni və təmiz xətlə dümağ, düz cızıqlı dəftərlərə yazmaq lazımdır.

Bu məqsədlə Gülgəz babasının yanında oturanda, həmişə torpaqdan, ağacdan, bitkilərdən söhbət salardı. Alı baba isə böyük həvəslə danışardı.




Copyright Ədəbiyyat dərsliyi © 2024