MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Cek London
Bölmələr

******

24.12.2024, 16:35

Cek London

(1876-1916)


Həm böyüklərin, həm də uşaqların sevimli yazıçısı Cek London Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində müflisləşmiş fermer ailəsində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə II dəfə ailə qurur. Ögey atası onu himayəsinə götürür və sonralar oğul atalığının soyadını qəbul edir. Cek London çox kiçik yaşlarında ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərində və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri onda olduqca böyük təəssüratlar oyatmaqla gələcək yaradıcılığına böyük təsir göstərir. Cek London yaradıcılığa dənizçilik təcrübələrinin bəhrəsi olan "Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir. Bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu” (Boston, 1900), "Atalarının tanrısı” (Çikaqo, 1901), "Şaxtanın övladları” (Nyu-York, 1902), "İnsana inam” (Nyu-York, 1904), "Ayüzlü” (Nyu-York, 1906), "İtirilmiş sima” (Nyu-York, 1910) hekayələrindən ibarət toplu, "Qarlar qızı” (1902), "Dəniz canavarı” (1904), "Martin İden” romanları yazıçıya böyük şöhrət gətirir. Cek London 1916-cı ildə noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Əsərlərinin əsasında 50-dən artıq film çəkilmişdir. 

"Yol ayrıcında”

(Hekayə)

Mahnı oxuyan adam əyilib ocaq üstündə pıqqıldayan paxla qazanına azca su tökdü, sonra dikəldi. Əlindəki tüstülənən kösövlə azuqə yeşiyinin yan-yörəsində sülənən itləri qovdu. Üzü tərtəmiz qırxılmış bu adamın mavi gözləri gülürdü. Sarışın, qızılı rəngə çalan saçları vardı; onun bütün görünüşündən sağlamlıq və şuxluq yağırdı. Belə şux görkəmə baxdıqca baxmaq istəyirdin. Ağ örpəyə bürünmüş şam meşəsinin üstündən təzəcə boylanan Ayın solğun işığı düşürdü. Meşənin qalın divarları balaca düşərgəni mühasirəyə almışdı. Sanki böyük dünya burdan  xəbərsiz idi. Yuxarıda aydın səma vardı. Hava şaxtalıydı. Elə bil göy üzündə bərq vuran ulduzlar da üşüyürdülər və donmasınlar deyə sayrışır, rəqs edirdilər. Cənub-şərq tərəfdə zorla sezilən yaşılımtıl işıq şimal qütb parıltısından xəbər verirdi.

Ocağın başında iki kişi uzanmışdı. Onların yatacağı yerə döşənmiş şam ağaclarının budaqlarından düzəlmişdi. Yoğun ağaclar qara basdırılmış və ayı dərisi ilə örtülmüşdü. Bürüncəklər kənara tullanmışdı. Qalın kətan örtük isə iki ağacın böyründən tarım çəkilmiş və yerə bərkidilmişdi. Bu, adamları küləkdən qoruyur və eyni zamanda ocağın istisini çölə buraxmırdı. İsti aşağıya, ayı dərisinin üstünə vururdu.

Ocağın lap böyründə, itlərin qoşulduğu kirşənin üstündə bir adam da əyləşmişdi; mokasin ayaqqabılarını təmizləyirdi. Sağ tərəfdə çoxlu donmuş torpaq vardı və ətrafa tullanmış dolamaçarx adama deyirdi ki, bu adamlar bütün günü işləmiş, torpağı ələkdən keçirmişdilər. Sol tərəfdə dörd cüt xizək qara sancılmışdı. Kişilər bu xizəklər üstündə düşərgədən uzaqda axtarış aparmışdılar...

Əsəri tam oxumaq üçün buradan yükləyin. "Yol ayrıcında"




Copyright Ədəbiyyat dərsliyi © 2024