MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Lev Tolstoy - Hacımurad
Bölmələr

******

24.12.2024, 05:41

L. TOLSTOY

HACI MURAD

(ixtisarla)

Mən kövşənlərin arası ilə evə qayıdırdım. Yayın tən ortası idi. Ot çalınıb qurtarmışdı. Bu günə-sabaha çovdar biçini başlanacaqdı.

İlin bu fəslinin özünəməxsus gözəl çiçəkləri olur.Mən əlvan çiçəklərdən böyük bir dəstə düzəltdikdən sonra evə tərəf üz qoymuşdum kı, birdən yolun qırağındakı çökəkdə gözəl moruğu çiçəyi olan bir ayıpəncəsi kolpanı gördüm. Bizdə qanqalın bu növünə tatar deyirlər. Birdən ağlıma gəldi kı, bu ayıpəncəsini dərib topladığım çiçəklərin ortasına qoyum. Çökəyə endim, çiçəklərdən birinin ortasma sancılaraq süst düşüb şirin-şirin mürgüləyən ayıpəncəsini üzməyə başladım. Lakın bu o qədər də asan iş deyildi: saplağın tikanlarla örtülü olması və bu tikanların əlimə sarıdığım dəsmalın üstündən belə barmaqlarıma batması bir yana dursun, saplağın özü ağlasığmaz dərəcədə möhkəm idi, onu qopardana kımi beş dəqiqə əlləşməli oldum. Nəhayət, mən çiçəyi iizüb qurtaranda, saplaq artıq didik-didikdi, çiçək özü isə əvvəlkı kimi təravətli, əvvəlkı qədər gözəl görünürdü. Bundan başqa, o öz qabalığına, yöndəmsizliyinə görə dərdiyim zərif güllərə yaraşmırdı. Mən yalnız öz kökü üstündə qəşəng olan bu çiçəyi əbəs yerə məhv etdiyimə təəssüflənərək onu yerə atdım: “Bundakı enerjiyə, bundakı həyat gücünə bir bax! - Mən çiçəyi qopararkən çəkdiyim əziyyəti yenidən xatırlayaraq düşündüm. - Necə də inadla qorunurdu, həyatını necə də baha qiymətə təslim etdi!”

Mən keçən ildən xama qoyulmuş, indi isə təzəcə şumlanmış tarlanın ortası ilə uzanan tozlu, qaratorpaq yolla gedirdim. Nə bir ot vardı, nə də başqa bir göyərti, hər tərəf

qapqaraydı. “İnsan nə qədər dağıdıcı, nə qədər qəddar bir məxluqdur, o öz həyatını təmin etmək üçün nə qədər canlı varlığı, bitkıni məhv etmişdir”, - düşündüm və qeyri-ixtiyari olaraq nəzərlərimlə bu ölü, qara sahədə həyatdan bir nişanə axtardım. Qabaqda, sağda, yolun üst tərəfində gözümə bir kol dəydi. Yaxınlaşarkən, bunun bayaq çiçəyini əbəs yerə dərib, sonra da atdığım tatardan biri olduğunu gördüm.

Görünür, kolun üstündən təkər keçmişdi. Təkər keçəndən sonra yenidən qalxıb dirçəldiyindən indi bir qədər yana əyilmişdi. Lakın hər halda yerə sərili deyildi... Sankı onun bədəninin bir hissəsini qopartmış, içalatını çölə tökmüş, qollarını vurub yerə salmış, gözlərini çıxartmışdılar. Lakın o hələ sağdı, ətrafında onun kımi milyonlarla bitkiləri məhv etmiş insana can verməmişdi.

“Gücə bax! - düşündüm. - İnsan hər şeyə qalib gəldi, saysız-hesabsız otları tələf etdi, bu isə hələ də təslim olmamışdır”.

Birdən keçmiş zamanlarda Qafqazda baş vermiş qəribə bir əhvalat yadıma düşdü. Bunun bir hissəsini mən öz gözümlə görmüşəm, bir hissəsini başqalarmdan eşitmişəm, bir hissəsi isə təsəvviirümün məhsuludur. Yaddaşımda və təsəvvürümdə canlanan həmin hadisə budur.

Min səkkız yüz əlli birinci ilin axırları idi. Soyuq bir noyabr axşamı Hacı Murad Mahkənd adlı narahat çeçen auluna gəldi. Hacı Murad Şamilin naibi idi. O, öz igidliyi ilə şöhrət qazanmışdı. Həmişə bir yerə gedəndə, yanınca xüsusi bayraq götürərdilər. Ətrafında onlarca igid at oynadardı. İndisə onun yanında bircə müridi vardı. Üz-gözünü başlıqla sarımışdı, bərk-bərk büründüyü yapıncının altından tüfənginin ucu görünürdü. O, mümkün qədər az nəzəri cəlb etməyə çalışır, qara iti gözlərini yolda rast gəldiyi adamların üzünə ehtiyatla zilləyərək onları diqqətlə nəzərdən keçirirdi.

Aulun ortasına çatanda, Hacı Murad meydana tərəf uzanan küçə ilə getməyib, atının başını sol cinahdakı dar döngəyə çevirdi. Dağın ətəyində qazılmış ikinci daxmaya çatanda atı saxlayıb o yan-bu yana göz gəzdirdi. Daxmanın dəhlizində heç kim görünmürdü, ancaq damda, təzəcə şirə çəkilmiş tüstü bacasınm dalında kürkə bürünmüş bir adam uzanmışdı. Hacı Murad daxmanın damında uzanan adamı qamçının sapı ilə tərpədib, astaca səslədi. Kürkün altından qoca bir kişi dikəldi. Hacı Murad: «Salaməleyküm» deyib üzünü açdı.

Qoca Hacı Muradı tanıyıb:

– Əleyküməssalam, - deyə dişsiz ağzını açaraq gülümsədi, bir əlini yerə, digərini arıq dizinə dirək verib qalxdı və dama söykənmiş nərdivandan tuta-tuta dal-dalı aşağı enməyə başladı. Hacı Murad atdan düşdü və yüngülcə axsaya-axsaya dəhlizə getdi. Bu vaxt qapı açıldı, içəridən on dörd-on beş yaşlı bir oğlan uşağı qaçaraq çıxıb dayandı və dəymiş qarağatı andıran qara parlaq gözlərini təəccüblə gələnlərə zillədi.

– Qaç məscidə, atanı çağır, - deyə qoca ona əmr etdi, sonra Hacı Muradı qabaqlayaraq daxmanın yüngül qapısını cırıltı ilə açdı. Hacı Murad otağa girərkən içəri qapıdan ortayaşlı, nazik, arıq bir arvad çıxdı. Onun əynində göy çaxçur vardı. Qucağında yastıq və döşəkcə tutmuşdu.

– Xoş gəlmisiniz, - o, Hacı Muradı salamladı və ikiqat əyilib daxmanın yuxarı başında qonağa oturmaq üçün yer düzəltməyə başladı.

Hacı Murad:

– Allah oğlanlarını saxlasm, - deyə cavab verib yapıncısını, tüfəngini, qılıncını çıxarıb qocaya uzatdı.

Hacı Murad qocadan soruşdu:

– Təzə nə xəbər var?

– Təzə xəbər deyəndə, elə ürəkaçan bir şey yoxdur, - deyə qoca sükutu pozdu. - Təzə odur ki, dovşanlar baş-başa verib məsləhətləşirlər ki, nə təhər eləyək qartalları qovaq. Qartallar da onlara aman vermir: birini burda parçalayır, birini orda parçalayır.

Hacı Muradın müridi içəri girdi, qüvvətli ayaqlarını geniş ataraq torpaq döşəmədə səssiz, qıvraq addımlarla divara yanaşdı, Hacı Murad kimi üstündə yalnız tapançasını və xəncərini saxlayaraq, yapıncısını, tüfəngini, qılıncını çıxardı.

Qoca müridi göstərərək Hacı Muraddan soruşdu:

– Bu kimdir?

– Mənim müridimdir. Adı Eldardır, - Hacı Murad cavab verdi.

Qoca:

– Lap yaxşı, - deyib Eldara Hacı Muradm böyründə, yer göstərdi.

 

Dəhlizdə ayaq səsləri eşidildi, qapı cırıldadı, ev sahibi Sado içəri girdi. Bu, qırx-qırx beş yaşlı, qısasaqqal, uzunburun bir adam idi. Sadə ayaqqabılarını qapının yanında çıxartdı və Hacı Muradın qarşısında oturdu.

O da atası kimi gözlərini yumub əllərini sifətinə yaxınlaşdırdı, dua oxuyub salavat çevirdi, yalnız bundan sonra danışmağa başladı. Sado dedi:

– Şamil əmr verib ki, Hacı Muradı ya ölü, ya diri ələ keçirmək lazımdır.

Sonra əlavə elədi ki, Şamilin göndərdiyi adamlar dünən qayıdıblar, camaat da Şamilin sözündən çıxmağa qorxur, odur ki, ehtiyatlı olmaq lazımdır.

– Mənim evimdə, - deyə Sado sözünə davam etdi, - nə qədər ki, canımda can var, heç kim mənim qonağıma bir şey eləyə bilməz. Dərd çölün dərdidir. Bu barədə fikirləşmək lazımdır.

Hacı Murad ona diqqətlə qulaq asır və fikri ilə razılaşaraq başını tərpədirdi. Sado sözünü qurtaranda o dedi:

– Yaxşı. İndi ruslara bir adamla kağız göndərmək lazımdır. Mənim miridim gedər, ancaq ona bələdçi lazımdır.

– Qardaşım Batanı göndərərəm, - deyə Sado cavab verib oğluna tərəf çöndü:

– Batanı çağır gəlsin.

Uşaq yay kimi açılaraq yerindən sıçradı və qollarını yelləyə-yelləyə tez otaqdan çıxdı. On dəqiqədən sonra o, qarabuğdayı, qıçları qısa, cılız bir çeçenlə geri qayıtdı. Hacı Murad təzə gələn adamla salamlaşıb, artıq söz işlətmədən qısaca dedi:

– Mənim müridimi rusların yanına kimi ötürə bilərsənmi?

– Niyə ötürmürəm, - Bata cəld və təbəssümlə cavab verdi, - lap yaxşı ötürərəm. Mənim qabağımda bir çeçen də dura bilməz. Başqası, ola bilsin ki, söz də verər, gedər də, ancaq bir şey çıxmaz. Amma mən bacararam.

Sado Hacı Muradı evində qonaq saxlamaqla öz həyatmı təhlükədə qoyduğunu yaxşı bilirdi, çünki Şamil Hacı Muradla arası dəyəndən sonra bütün çeçen əhalisinə xəbər göndərmişdi ki, kim ona öz evində yer versə, ölümə məhkum ediləcəkdir. Sado bilirdi ki, aulun camaatı Hacı Muradın burada olmasından hər dəqiqə duyuq düşüb, onu ələ verməyi tələb edə bilər. Lakin bu, nəinki Sadonu qorxudurdu, əksinə, hətta onu sevindirirdi. Sado, qapısından içəri girən qonağını qanı qiymətinə olsa belə, müdafiə etməyi, qorumağı özünə borc bilirdi. Buna görə də o özünün kişi kimi hərəkət etməsindən fərəhlənir, bununla fəxr edirdi.

– Nə qədər kı, mənim evimdəsən, başımı bədənimdən ayırmayınca, heç kim sənə bir şey eləyə bilməz, — deyə o, üzünü Hacı Murada tutaraq bayaqkı sözlərini təkrar etdi.

Hacı Murad onun parıldayan gözlərinə diqqətlə baxdı, sözlərinin sədaqətlə deyildiyinə əmin olaraq razılıq etdi:

– Allah səni dost yanında xar eləməsin, Allah ömrünü uzun eləsin.

Sado Hacı Muradın sözlərinin müqabilində heç nə demədən əllərini döşünə qoyub baş əydi.

Pəncərələrin taxtalarmı bağlayıb buxarıya odun atdıqdan sonra Sado qəlbində xüsusi bir sevinc, xoş bir həyəcan olduğu halda, qonaq otağından çıxıb ailəsinin yaşadığı otağa keçdi.

Şamilin göndərdiyi müridlərdən yaxasını qurtarmağa çalışaraq üç gün yuxusuz qalmış Hacı Murad Sado “gecəniz xeyrə qalsın” deyib otaqdan çıxan kimi yuxuya getdi. Eldar ondan bir qədər aralıda, divarın yanında yatmışdı. Gecənin bir yarısı qonaq otağının qapısı cırıldadı. Hacı Murad dərhal dikələrək əlini tapançaya atdı. Sado içəri girib torpaq döşəmənın üstü ilə səssiz addımlarla irəli yeridi.

– Nə olub? - Hacı Murad, heç yatmayıbmış kimi

gümrah səslə soruşdu.

Sado Hacı Muradın qarşısında oturaraq dedi:

– Fikirləşmək lazımdır. Sənin gəldiyini bir arvad damdan görüb ərinə xəbər verib, indi bütün aul bilir. Bu saat qonşunun zənəni bizim arvadın yanına qaçıb gəlmişdi. Deyir qocalar yığışıblar məscidin qabağına, istəyirlər səni dayandıralar.

Hacı Murad:

– Getmək lazımdır, - dedi.

Sado ayağa qalxdı:

– Atlar hazırdır, — deyib cəld içəridən çıxdı.

Hacı Murad pıcıldadı:

– Eldar!

Eldar öz adını, ələlxüsus mürşidinin səsini eşitcək yerindən sıçrayıb ayağa qalxaraq papağını başında düzəltdi. Hacı Murad silahını taxıb yapıncısmı çiyninə saldı. Eldar da silahlanaraq yapıncısını geydi. Hər ikisi dinməz-söyləməz dəhlizə çıxdı. Qaragöz oğlan uşağı atları yaxına çəkdi.

Hacı Murad, cəld tüfəngindən yapışıb ayağını dar üzəngiyə qoydu və səs salmadan bir anda qalxıb yəhərin hündür yastığında oturdu. Sağ ayağının vərdişli hərəkəti ilə üzəngini axtara-axtara:

– Allah min əvəzini versin! - deyib ev sahibinə razılıq etdi. Eldar atnn Hacı Muradın ardınca sürürdü. Döngənin qurtaracağında, yolun o tayında bir kölgə tərpəndi, sonra isə başqası göründü.

– Dayan! Kimdir gələn? Dayan! - deyə kim isə qışqırınca bir neçə adam qaranlıqdan çıxıb yolu kəsdi.

Lakin Hacı Murad dayanmadı, cəld tapançasını qoburdan çıxartdı, atını mahmızlayaraq birbaş yolunu kəsən adamlarm üstünə sürdü. Yolda duranlar dağılışdılar. Hacı Murad dala qanrılmadan, atını sürətlə yorğaladaraq yolla aşağı endi. Eldar onun ardınca iti yortamla gedirdi.

Arxadan çaparaq gələn iyirmiyə qədər atlı tezlikIə Hacı Muradı haqladı. Aul camaatından olan bu adamlar Hacı Muradı ələ keçirməyi qərara almışdılar. Hacı Murad atı saxlayıb cilovu buraxdı.

– Nə istəyirsiniz? - deyə Hacı Murad qışqırdı. - Tutmaq istəyirsiniz? Di tutun, görüm! - O, tüfəngi üzünə götürdü.

Aul sakInləri dayandılar. Hacı Murad tüfəngi əlində hazır tutaraq dərəyə enməyə başladı. Atlılar yaxınlaşmadan onun ardınca düşdülər. Hacı Mnrad dərənin o tayına adlayanda, dalınca gələnlər onu səslədilər ki, deyəsi sözləri var, qulaq assın. Buna cavab olaraq, Hacı Murad tüfəngdən bir güllə atıb, atın başını buraxdı.

Meşə lap yaxındaydı. Hacı Muradın müridləri onu həmin bu meşədə gözləyirdilər. O, meşəyə çatanda atın başını yığdı, nəfəsini dərib fit verdi və sonra sakit dayanaraq qulaq asmağa başladı. Bir dəqiqədən sonra meşədən də fit səsi eşidildi. Hacı Murad atı yoldan çıxardıb meşəyə sürdü. Yüz-yüz iyirmi addım getdikdən sonra ağacların arasından ocağın qırağında oturmuş adamların siluetini və yarıya qədər işıq düşən, ayağı çidarlanmış yəhərli atı gördü.

Hacı Murad atdan düşərək:

– Odu söndürün, - dedi.

Hacı Murad bəxtinin gətirəcəyinə həmişə inanırdı. Hər hansı bir işi başlarkən, həmin işin mütləq müvəffəqiyyətlə nəticələnəcəyinə bəri başdan tam əmin olurdu. Onun fırtınalı, tufanlı həyatmda bəzi nadir hallar istisna edilərsə, həmişə taleyi üzünə gülmüşdii. Hacı Murad indi də belə olacağına ümid edirdi. O, xəyalına gətirirdi ki, Vorontsovdan alacağı qoşunla Şamilin üstünə gedib onu əsir götürəcək, intiqam alacaq; bunun üçün də rus padşahı Hacı Muradı təltif edəcək, nəticədə də o nəinki yenidən təkcə Avarıstana hakim olacaq, həm də bütün çeçen torpağını özünə tabe edəcəkdir. Bu fikir-xəyal içərisində necə yuxuladığını bilmədi.

Bu dəfə Hacı Murad yuxudan Xan-Mağomanın şən səsinə ayıldı. O, Bata ilə birlikdə öz elçilik vəzifəsini yerinə yetirib indicə qayıtmışdı. Xan-Mağoma o saat Hacı Muradın yanında oturub yolda əsgərlərə rast gəldiyini, onlarla birlikdə birbaşa, Knyazın yanına getdiyini, onun özüylə danışdığını, Knyazın sevindiyini və səhər çayın o tayında onların qabağına çıxacağını vəd etdiyini nağıl eləməyə başladı.

Hacı Murad özünün rusların tərəfinə keçmək təklifinə Vorontsovun nə dediyini, nə cür cavab verdiyini müfəssəl xəbər aldı. Xan-Mağoma ilə Bata bir ağızdan dedilər kı, Knyaz Hacı Muradı bir qonaq kimi qəbul edib əlindən gələn hörməti göstərəcəyinə söz verdi. Sonra Hacı Murad yol barədə soruşdu. Müridlərinə tapşırdı ki, xurcundan onun qızıl işləməli yarağını və çalmalı papağını çıxartsınlar, özləri də üst-başlarını, silahlarını təmizləyib səliqəyə salsmlar. Rusların yanına yaxşı getmək lazımdır.

V

Vorontsov özünün təmiz ingilis cinsindən olan kürən ayğırını minmişdi, polk yavəri, bir nəfər kazak, bir də dilmanc çeçen onu atla müşayiət edirdilər.

– Nə olub belə? - deyə o, Poltoratskidən xəbər aldı.

– Bir dəstə atlı bizim mühafizəçilərin üstünə düşmüşdü, - deyə Poltoratski cavab verdi.

– Boşlayın görək, hamısı sizin öz işinizdir.

Poltoratski gülümsündü.

– Məndə heç bir günah yoxdur, Knyaz. Özləri dinc durmurlar.

– Eşitdim ki, soldat yaralanıb, elədir?

– Bəli, çox təəssüf. Yaxşı soldatdır.

– Yarası ağırdır?

– Gərək ki, ağırdır, qarnından dəyib.

– Mənim hara getdiyimi bilirsinizmi? - deyə Vorontsov soruşdu.

– Xeyr, bilmirəm.

– Ağlınıza da gəlmir?

– Gəlmir...

– Hacı Murad üzə çıxıb... Bu saat bizimlə görüşəcək.

– Ola bilməz!

– Dünən adam göndərmişdi. - Vorontsov uğurdan doğan təbəssümünü zorla gizlədə bilirdi. - Bu saat məni Şələ talasında gözləməlidir. Siz həmin yerə kimi nişançı düzəndən sonra özünüz gələrsiniz mənim yanıma.

Poltoratski nişançıları lazım olan yerlərə düzdükdən sonra Vorontsovun yanına qayıdırdı ki, ardınca çaparaq gələn süvariləri görüb atın başını yığdı.

Onların içərisində hamıdan irəlidə ağyallı atın üstündə əynində ağ çərkəzi çuxa, başında çalmalı papaq olan zəhmli bir adam gəlirdi. Üstündəki silah qızılla işlənmişdi. Bu, Hacı Murad idi. O, Poltoratskiyə çatıb öz dilində nə isə dedi. Poltoratski qaşlarını qaldırdı, əllərini yana açaraq heç nə başa düşmədiyinə işarə etdi və gülümsündü. Hacı Murad da gülümsünərək onun təbəssümünə təbəssümlə cavab verdi. Uşaq gülümsəməsini andıran bu təbəssümdəki saflıq, mülayimlik Poltoratskini heyrətə saldı. O, adı ürəklərdə dəhşət oyadan dağlını bu cür təsəvvür etmirdi. O, quru, qaraqabaq, tamamilə yad bir şəxslə rastlaşacağını fikirləşdiyi halda, indi qarşısında xoş təbəssümlə gülümsünən çox sadə bir adam gördü.

Hacı Muradm başının atlıları dörd nəfərdən ibarət idi. Onlardan biri bu gecə Vorontsovun yanına gələn Xan-Mağoma idi. Mürşidi müşayiət edən enlikürək, çatmaqaş, əllərini, üz-gözünü tük basmış adam Hacı Muradın bütün var-yoxunu idarə edən Hənəfi idi. Atlılardan biri beldən nazik, enlikürək, gözəl bir gənc Eldar idi. Digəri isə bir gözü kor, kürən saqqalı qayçılanmış çeçen Həmzəlo idi. Onun burnunun üstündə yanağına uzanan iri çapıq vardı.

Poltoratski bu vaxt yolda görünən Vorontsovu əli ilə Hacı Murada göstərdi. Hacı Murad atını ona tərəf sürdü və yaxınlaşınca sağ əlini döşünə qoyub öz dilində nə isə deyərək dayandı. Dilmanc çeçen tərcümə etdi:

– Deyir, rus padşahına təslim oluram, ona qulluq eləmək istəyirəm. Deyir, çoxdan gəlmək fikrindəydim. Şamil buraxmırdı.

Vorontsov dilmancı axıra kimi dnılədikdən sonra əlcəkli əlini Hacı Murada uzatdı. Hacı Murad bu ələ baxdı, bir an duruxduqdan sonra onu möhkəm sıxaraq, Vorontsova baxa-baxa yenə də nə isə dedi.

– Deyir ki, ancaq hər adamın əli ilə təslim olmaq istəmirdim. Sənə razı oldum, sərdarın oğlusan. Sənə hörmətim çoxdur.

Vorontsov təşəkkür əlaməti olaraq başını tərpətdi. Hacı Murad öz atlılarını göstərərək yenə danışdı. Dilmanc Knyazı başa saldı:

– Deyir, bu adamlar mənim müridlərimdir. Onlar da mənim kimi ruslara qulluq eləməyə hazırdırlar.

Vorontsov atlılara nəzər salıb onlara da başın tərpətdi.

Vorontsov qalaya kefikök qayıtdı.

Evə çatdıqda Vorontsov Hacx Muradın müridlərini polk yavərinə tapşırıb özünü içəri apardı. Geyimli-kecimli, gülərüzlü Knyaginya Mariya Vasilyevna Hacı Muradı özünün altı yaşlı, qıvrımsaç, qəşəng oğlu ilə birlikdə qonaq otağında qarşıladı. Hacı Murad əlini döşünə qoydu və özüylə birlikdə içəri girən dilmancın vasitəsilə təntənə ilə bildirdi kı, Knyaz onu evinə dəvət etdiyi üçün özünü bu gündən Knyaza dost bilir, dostun bütün ailəsi isə əziz və müqəddəsdir. Hacı Muradın həm sifəti, boy-buxunu, həm də danışığı, davranışı Mariya Vasilyevnanın xoşuna gəldi. Ağ, iri əlini ona verərkən Hacı Muradm pörtüb qızarması isə Knyaginyanın ona qarşı rəğbətini daha da artırdı. Mariya Vasilyevna qonağa oturmaq üçün yer göstərdi. Qəhvə içib-içmədiyini soruşub, xidmətçiyə qəhvə gətirməsini əmr etdi. Lakin qəhvə ortalığa gəldikdə Hacı Murad içməkdən boyun qaçirdı. O, rusca azacıq başa düşürdü, lakin danışa bilmirdi, deyilənləri başa düşməyəndə isə giilümsəyirdi. Onun gülümsəməsi Knyaginyaın xoşuna gəlmişdi. Mariya Vasilyevnanın Bulik, - deyə çağırdığı qıvrımsaçlı, itibaxışlı oğlu isə anasının yanında dayanıb, qeyri-adi qəhrəmanlıqları haqqında çox şeylər eşitdiyi Hacı Muraddan gözünü çəkmirdi.

Vorontsov Hacı Muradın gəldiyi haqda Komandanlığa xəbər göndərmək üçün onu arvadının yanında qoyub, özü dəftərxanaya getdi. Knyaz qayıdanda Hacı Murad Bulikı təəccübləndirərək və narazı salaraq dizinin üstündən yerə qoyub ayağa qalxdı, üzündəki şuxluq dərhal dəyişilib ciddi bir ifadə ilə əvəz olundu. O yalnız Vorontsov əyləşəndən sonra oturdu.

– Sənin bu quldurun çox gözəl adamdır, - deyə Mariya Vasilyevna fransız dilində ərinə müraciət etdi. - Bulikin xəncərə maraqla tamaşa elədiyini görən kimi, xəncəri belindən açıb ona bağışladı.

Hacı Murad heç kimin üzünə baxmadan uşağın qıvrım saçlarmı sığallayır və deyirdi:

– İgid oğlandır, igid oğlandır.

Vorontsov xəncərin, ortası uzunsov girintili, iti polad tiyəsini yarıya kimi qınından siyirib baxdıqdan sonra dedi:

– Gözəl xəncərdir, çox gözəl xəncərdir.

– Knyaz üzünü dilmanca tutdu:

– Deynən çox sağ olsun. Soruş ki, ona nə kimi xidmə tim dəyə bilər?

Dilmanc Knyazın sözlərini tərcümə etdikdə, Hacı Murad ona heç bir şey lazım olmadığını söyləyib xahiş etdi ki, bir yer versinlər namaz qılsın. Vorontsov kamerdinerini çağırıb tapşırdı ki, Hacı Muradm arzusuna əməl etsin.

Özü üçün ayrılmış otaqda tək qaldıqda Hacı Muradm sifəti dəyişildi: üzündəki bəzən razılıq, mehribanlıq, bəzən də şadlıq bildirən xoş ifadə indi qayğı ilə əvəz olundu. Onu fikir götürdü.

Ertəsi gün Hacı Murad Vorontsovun yanına gələrkən Knyazın qəbul otağı adamla dolu idi. Vorontsov Hacı Muradı stolun yanında ayaq üstə qəbul etdi. Hacı aydın səslə, tələsmədən, ehtiramla dedi:

– Təslim olub, padşahın və sizin yüksək himayəniz altına keçirəm. Söz verirəm ki, canım ağzımdan çıxana kimi rus padşahına namusla qulluq edəcəyəm. Ümidvaram ki, sizin və mənim düşmənim olan Şamilə qarşı apardığınız müharibədə sizə köməyim dəyəcəkdir.

Dilmanc bu sözləri tərcümə etdikdən sonra Yorontsov başını qaldırıb Hacı Murada nəzər saldı. Hacı Murad şax nun üzünə baxırdı.

Göz-gözə gələn bu adamların nəzərləri bir-birlərinə, sözlə ifadə oluna bilməyəcək çox şeylər deyirdi. Hacı Muradın gözlərindən oxunanlar heç də dilmancın dedikIərinin eyni deyildi... Onların gözləri bir-birləri haqqında əsl həqiqəti sözsüz də açıb deyirdi. Voront- sovun gözlərindən məlum idi ki, o, Hacı Muradın dediyi sözlərdən birinə də inanmır, bilir ki, o bütün rusların, onların adət və ənənələrinin düşmənidir, ömrünün axırına kimi də düşmən olaraq qalacaqdır. İndi yalnız ona görə təslim olur ki, başqa çarəsi yoxdur. Hacı Murad özü də bunu başa düşür, lakin yenə də özünün sədaqətli olduğuna baş Komandanı inandırmağa çalışırdı.

Vorontsov sakıtcə:

– Bəli, bəli, - dedi. Sonra üzünü dilmanca tutaraq soruşdu:

– Yaxşı, bu, Şamildən nə cür intiqam almaq istəyir? Deynən otura bilər, ayaq üstə durmasm.

Hacı Murad oturdu və dedi ki, əgər ona qoşun verib ləzgilərin sərhədinə göndərsələr, bütün Dağıstanı ayağa qaldırar, ondan sonra Şamil duruş gətirə bilməz.

– Bu pis fİkir deyil. Bu mümkündür, - deyə Vorontsov cavab verdi. – Fikirləşərəm.

Dilmanc Vorontsovun sözlərini Hacı Murada başa saldıqda o bir qədər fikrə gedib sonra yenidən dilləndi:

– Sərdara bir də onu de ki, mənim ailəm düşmənimin əlində qalıb. Nə qədər ki, ailəm Dağıstandadır, əlim-qolum bağlıdır, burada sizə qulluq eləyə bilmərəm. Əgər mən qoşun götürüb onun üstünə getsəm, arvadımı da öldürər, anamı da, uşaqlarımı da - birini də sağ qoymaz. Knyaza de ki, birtəhər mənim ailəmin köməyinə yetsin, onları dağlı əsirləri ilə dəyişib xilas eləsin, ondan sonra mən ya ölərəm, ya da Şamilin külünü göyə sovuraram.

Vorontsov:

– Yaxşı, yaxşı, - deyə cavab verdi, - bu barədə fikirləşərəm. İndi de, getsin qərargah rəisinin yanma, öz vəziyyətini, məqsədini, arzusunu ona danışıb yazdırsm.

Bununla da Hacı Muradın Vorontsovla olan birinci görüşü qurtardı. Hacı Murad rusların tərəfinə keçdikdən sonra onun ailəsi Veden auluna gətirilib orada Şamilin hökmü oluncaya kimi nəzarət altında saxlanılırdı.

1852-ci il yanvarın 6-da Şamil ruslarla vnruşmadan sonra Vedenə, evinə qayıdırdı. İmamın məşvərət şurasına daxil olan altı nəfər ağsaqqal qoca Şamil içəri gircək ayağa qalxdı. Sonra hamı oturdu. Şamil yuxarı başda, ortada qoyulmuş qalın hündür döşəyin üstündə əyləşdi, həll olunası bütün məsələlərin müzakirəsi başlandı.

Ən axırda Hacı Muradın məsələsi müzakirə edildi. Bu məsələnin Şamildən ötrü çox böyük əhəmiyyəti vardı. O bu barədə heç kimə bir söz deməsə də, ürəyində yaxşı bilirdi ki, əgər bacarıqlı, cürətli və igid Hacı Murad ondan üz çevirməsəydi, indi Çeçenistanda bu işlər baş verməzdi. Hacı Muradla barışmaq, onu yenidən əvvəlki xidmətinə qaytarmaq yaxşı olardı; bu mümkün olmadıqda isə, elə etmək lazımdı ki, o, ruslara kömək eləməsin. Odur ki, necə olursa-olsun onu buraya çağırmaq və gələndən sonra öldürmək lazım idi.

Çeçenistanda öz məqsədinə nail ola bilməyən Hacı Murad Tiflisə qayıtdı. O, hər gün Vorontsovun iqamətgahına gedir, canişinlə görüşə bildikdə Dağıstan əsirlərini yığdırıb öz ailəsinin müqabilində Şamilə təklif etməsini xahiş edirdi. Dönə-dönə deyirdi ki, bunsuz əl-qolu bağlıdır, belə bir vəziyyətdə o, nə özü arzuladığı kimi ruslara xidmət edə bilər, nə də Şamili aradan qaldırar. Vorontsov isə əlindən gələni edəcəyini deyərək qeyri-müəyyən cavablar verir, məsələni gecikdirirdi. Belə olduqda Hacı Murad Vorontsovdan xahiş etdi ki, ona müvəqqəti Zaqafqaziyanın xırda şəhərlərindən biri olan Nuxada yaşamağa icazə versin. O belə güman edirdi kı, ailəsini xilas etmək məqsədilə Şamillə danışıq aparmaq və öz yaxm adamları ilə görüşmək iiçün ora daha münasib yerdir. Bundan başqa Nuxa müsəlman şəhəridir, məscidi var, namaz qılmağa, ibadətlə məşğul olmağa ora Tiflisdən əlverişlidir. Vorontsov bu barədə Peterburqa məktub yazdı, ancaq bununla belə özü bəri başdan Hacı Murada Nuxada gedib qalmağa icazə verdi.

Nuxada Hacı Murada məscidin və xan sarayının yaxınlığında, beş otaqdan ibarət balaca bir ev vermişdilər. Onun yanına təyin olunmuş zabitlər, dilmanc və eyni zamanda öz müridləri də həmin evdə yaşayırdılar. Hacı Muradın günləri Dağıstandan xəbər gözləməkdə, gələn qasidlərlə söhbət etməkdə və icazə verildiyi kimi, atla Nuxanın ətrafında gəzməkdə keçirdi.

Hava qaranlıqlaşan kimi üz-gözləri başlıqla bərk-bərk sarınmış ikı qasid gəldi. Pristav onları Hacı Muradın otağına apardı. Onlar da Hacı Murada xoş xəbər gətirməmişdilər. Ailəsini xilas etmək üçün fürsət gözləyən dostları, indi Şamildən qorxub məsələdən açıqdan-açığa boyun qaçırırdılar, çünki Şamil hamını yenidən xəbərdar eləmişdi ki, Hacı Murada kömək edən hər kəs ən müdhiş cəzalarla edam olunacaqdır. Bardaş qurub oturmuş Hacı Murad, qasidlərin söhbətinə axıra kimi qulaq asdıqdan sonra, dirsəklərini dizlərinə söykəyərək papaqlı başını aşağı saldı, uzun müddət susdu. Hacı Murad fikirləşirdi, həm də çox ciddi fikirləşirdi. O bilirdi ki, indi artıq sonuncu dəfə düşünür, qəti qərara gəlmək lazımdır. Hacı Murad başını qaldırdı, əlini çuxasının qoluna salıb qasidlərin hərəsinə bir qızıl verdi və dedi:

– Gedin.

– Cavabın nə olacaq?

– Cavab Allahın əmrindən asılıdır. Gedin.

Qasidlər getdilər, Hacı Murad isə hələ də xalçanm üstündə dizlərinə dirsəklənərək oturmuşdu. O uzun müddət beləcə oturub fikirləşdi.

–Nə edim? Şamilin sözünə inanıb yenidən onun yanınamı qayıdım? - deyə Hacı Murad düşünürdü. - Yox, o aldadır.

Hacı Muradın yadına qədim bir əfsanə düşdü. Bir tərlan insanların əlinə keçir, xeyli müddət onların yanında yaşadıqdan sonra bir gün yenə də uçub dağlara, öz tərlan yoldaşlarının yanına qayıdır. Lakin ayağı çidarlı, zınqırovlu qayıdır... Tərlanlar onu qəbul etmirlər. “Uç get, - deyirlər, - ayağına gümüş zmqırov bağlayanların yanına qayıt. Bizim nə gümüş zınqırovumuz var, nə də çidarımız”. Tərlan doğma yurdunu tərk etmək istəmir, qalır; yoldaşları isə onu öz içərilərinə buraxmayaraq dimdikləyib öldürürlər.

“Məni də həmin tərlanın kökünə salarlar”, - deyə Hacı Murad fikirləşdi.

“Yoxsa burada qalım? Qafqazı rus padşahına boyun əyməyə məcbur edim, şöhrət qazanım, çin alım, varlanım?”

“Bu, çətin deyil”, - deyə Hacı Murad özünün Vorontsovla olan görüşlərini xatırladı.

“Axır ki, indi qəti bir qərara gəlmək lazımdır, yoxsa Şamil külfətimi məhv edəcək”.

Bütün gecəni Hacı Murad yatmayıb fikirləşdi.

Gecə yarısına yaxın qərar artıq hazır idi. O, Dağıstana qaçmağı, sadiq avarlarla birlikdə Vedenə soxularaq ya ölməyi, ya da ki, ailəsini əsarətdən qurtarmağı qət etmişdi. Ondan sonra ailəsini də götürüb yenidən rusların yanınamı qayıdacaq, ya Xunzaxa qaçıb oradan Şamilə qarşı mübarizəmi edəcək - Hacı Murad bunu hələ həll edə bilməmişdi. Yalnız bir şeyi yəqin etmişdi ki, tezliklə rusların içərisindən çıxıb Dağıstana qaçmaq lazımdır. O bu qərarını dərhal həyata keçirməyə başladı.

Hacı Murada, mütləq kazakların müşayiəti ilə olmaq şərti ilə şəhərin yaxın yerlərinə atla gəzməyə çıxmağa icazə verilmişdi. Nuxada cəmi əlli nəfər kazak vardı. Onlardan da on nəfəri zabitlərin şəxsi ixtiyarında idi. Kazaklara uryadnik Nazarov başçılıq edirdi. Bu, igidliyinə görə “Georgi xaçı” ilə təltif olunmuş, sağlam bədənli, alyanaq, sarışın, cavan bir adam idi, saçı dəyirmi vurulmuşdu.

– Nazarov, bax, uzağa buraxmayasan ha, - deyə hərbi rəis artırmadan ona çığırdı.

– Baş üstə, cənab zabit, — deyə Nazarov cavab verdi və üzəngiyə qalxıb bir əli ilə çiynindəki tüfəngini'tutaraq, cilov gəmirən kürəninin başını buraxdı. Onun ardmca dörd nəfər atlı kazak gedirdi.

Hacı Murad atını dəstə yerişlə sürürdü. Müridlərlə kazaklar onun ardınca gedirdilər. Bir qədərdən sonra onlar sürəti artırmadan qaladan çıxdılar. Hacı Murad get-gedə sürəti artırırdı. Nazarov atı çapıb ona çataraq qışqırdı:

– Ey, dost, belə olmaz. Yavaş sür!

Hacı Murad qanrılıb ona baxdı, lakin heç bir söz demədən eyni sürətlə yoluna davam etdi.Nazarov Hacı Murada yanaşaraq:

– Dedim ki, olmaz! - deyə qışqırdı və əlini onun atının cilovuna atdı. Lakin o, cilovdan yapışmamış güllə açıldı.

– Sən neynəyirsən? - deyə Nazarov sinəsini tutdu, - uşaqlar, qırın bunları! - O bunu deyib yırğalanaraq üzüqoylu yəhərin qaşına yıxıldı.

Lakin kazaklar əllərini tərpətməmiş, dağlılar silaha sarılaraq onları tapança atəşinə tutmağa, qılıncla doğramağa başladılar.

Qala rəisi Hacı Muradın qaçdığmı eşidincə ikiəlli başını tutub qışqırdı:

– Vay, Allah sizin evinizi yıxsın, bu nə işdir! Niyə mənim başımı kəsdiniz, quldurlar! Buraxdınız getdi! - deyə o, xəbər gətirmiş Mişkinin üstünə çığırdı.

Hamı ayağa qaldırıldı, qaçanların ardınca göndərmək üçün qalada olan bütün kazaklardan başqa, ətrafdakı dinc kəndlərdən də nə qədər ki, mümkün idi, milisioner toplandı.

Hacı Muradm dirisini və ya ölüsünü gətirənə min manat mükafat veriləcəyi elan olundu. Hacı Muradın öz yoldaşları ilə birlikdə kazakları qırıb qaçmasından iki saat sonra iki yüz nəfərdən çox atlı, pristavın ardınca çaparaq qaladan çıxıb dağlıları tutmağa getdi.

Hacx Muradla müridləri tər yarpaqlarla örtülmüş kolluğa girib atdan düşdülər və ac heyvanları çidarlayaraq otlamağa buraxdılar. Özləri isə oturub, yol üçün götürdükləri pendir-çörəklə qələyanaltı etdilər. Axşamdan doğan ay dağın dalına çəkildi, ətraf qatı qaranlığa qərq oldu.

Hacı Murad mühasirə olunduğunu başa düşdükdə, öz düşərgəsini gözdən keçirdi. Kolların arasında köhnə bir xəndək vardı. O, buranı özünə səngər etməyi, nə qədər kı, canında can var, atmağa gülləsi - yaxa ələ verməməyi qət etdi. Hacı Murad bunu yoldaşlarına bildirib tapşırdı ki, xəndəyin yan-yörəsini möhkəmlətsinlər. Miiridlər dərhal xəncərlərini siyirib budaq qırmağa, torpaq qazmağa başladılar. Onlar bütiin bunları xəndəynı ətrafına yığaraq səngər düzəltdilər. Hacı Murad da onlarla birlikdə çalışırdı.

Hava işıqlaşmağa başlayan kimi milis yüzbaşısı atını bir qədər irəli sürərək çığırdı:

– Hey, Hacı Murad, təslim ol! Biz çoxuq, siz az.

Buna cavab olaraq xəndəkdən tüstü göründü, tüfəng açıldı. Milisionerin altındakı at qırağa sıçrayıb yerə sərildi. Sonra kolluğun kənarında dayanan milisionerlərin tüfəngləri açılmağa başladı. Onların güllələri havada vıyıldayaraq yarpaqları tökür, budaqları qırıb salır, xəndəyin qabağındakı təpəciyə dəyib tappıldayırdı. Lakin xəndəyin içində oturanları tutmurdu. Hacı Murad və müridləri, yalnız milisionerlər yerlərindən tərpənərək irəliyə gələrkən güllə atırdılar. Atdıqları isə çox az hallarda boşa çıxırdı. Artıq milisionerlərdən üç nəfəri yaralanmışdı.

Atışma bir saat beləcə davam etdi. Günəş doğub yarım ağac boyu qalxmışdı. Hacı Murad artıq fikirləşirdi ki, atlanıb adamları ilə birlikdə vuruşa-vuruşa özünü birtəhər çayın qırağına çatdırsın. Lakin elə bu vaxt kolluğun ətrafında yenidən çığır-bağır qopdu. Hacı Murad səngərdən boylanıb baxdı: Hacı Ağa Mehdilinski iki yüzə qədər adamla birlikdə əvvəlki dəstənin köməyinə gəlmişdi. O, bir zamanlar Hacı Muradla dost idi, Dağıstanda yaşayırdı. Ancaq sonradan rusların tərəfinə keçmişdi. Hacı Muradın düşməninin oğlu Əhməd xan da indi onunla birlikdə gəlmişdi.

Milisionerlər kolluğa dolarkən xəndəkdən dalbadal bir neçə güllə açıldı. Hücum edənlərdən üç nəfəri yıxıldı, qalanları isə kolluğun ətrafında yerə yataraq atəş açmağa başladılar. Onlar güllə atır və koldan-kola qaçaraq yavaş-yavaş dağlılarm səngərinə doğru irəliləyirdilər. Bəziləri isə Hacı Muradın və müridlərin giilləsinə tuş gələrək yerə sərilirdi. Hacı Muradın bir gülləsi belə boşa çıxmırdı. Hacı Murad yaralandı. Güllə çiynini deşmişdi. O, arxalığının astarından bir çəngə pambıq qopardıb yarasının gözünə basaraq yenidən atəş açmağa başladı.

– Qılınc davasına keçək, - deyə Eldar üçüncü dəfə təkrar etdi.

O, düşmənin üzərinə atılmağa hazırlaşaraq dikəlib səngərdən boylandı, lakIn elə bu an başından dəyən güllədən ləngərləyərək arxası üstə Hacı Muradın ayağının üstünə yıxıldı. Hacı Murad qanrılıb baxdı. Gənc Eldarm quzu gözlərini andıran qəşəng gözləri Hacı Murada zillənib qalmışdı, uşaqlarda olduğu kimi üst dodağı irəli çıxmış ağzı yumulu halda səyriyirdi. Hacı Murad ayağını onun altından çəkib yenidən milisionerləri nişan almağa başladı. Hənəfi artıq keçinmiş Eldara tərəf əyilərək onun çərkəzisinin vəznələrində qalan barıtı, gülləni boşaltdı. Qurban yenə də dua oxuyur və tələsmədən tüfəngini dolduraraq düşməni nişan alırdı.

Milisionerlər isə qışqır-bağırla bu koldan o kola qaça-qaça, get-gedə xəndəyin ətrafında sıxlaşırdılar. Nəhayət, Hacı Muradın böyrünə də güllə dəydi. O, xəndəyin içərisinə uzanıb, yenə də arxalığının astarından pambıq çıxararaq yarasma basdı. Hacı Murad bu dəfə ölümcül yaralanmışdı, o artıq öldüyünü hiss edirdi. Xatirələr, surətlər onun xəyalmda qeyri-adi sürətlə bir-birini əvəz etməyə başladı. O gah şirin-şirin danışan, hiyləgər üzlü, zəif, qansız qoca Vorontsovu, gah oğlu Yusifi, arvadı Səfiyyəti, gah da düşməni Şamilin sarı saqqallı solğun üzünü, qıyılmış gözlərini görürdü.

O biitün gücünü toplayıb xəndəyin içərisində ayağa qalxdı və bu vaxt qaça-qaça səngərə yaxınlaşan adama tapançadan atəş açdı. Gülləsi yenə də boşa çıxmadı, - adam yerə sərildi. Sonra o, xəndəkdən çıxdı və xəncərini siyirərək, bərk axsaya-axsaya birbaş diişmənlərinin üstünə yeridi. Bir neçə güllə açıldı, Hacı Murad ləngərləyərək yıxıldı. Milisionerlər şən qışqırıqla ona tərəf yüyürdülər. Lakin onların artıq cəsəd hesab etdikləri bu bədən birdən hərəkətə gəldi. Əvvəlcə qızıl qana boyanmış, papaqsız, qırxıq başı yerdən qalxdı, sonra gövdəsi dikəldi, sonra isə, o, ağacdan yapışıb tanıam ayağa durdu. Onun bu an elə qorxunc, elə zəhmli görkəmi vardı ki, yüyürüb gələnlər o saat dayandılar. Lakin Hacı Murad birdən ağacı buraxaraq səndələdi və dəryazla kökündən biçilmiş ayıpəncəsi kimi tam qaməti ilə üzüqoylu yerə sərildi və hərəkətsiz qaldı.

O tərpənmirdi, lakin hələ hiss edirdi. Birinci olaraq yüyürüb gələn Hacı ağır xəncərini Hacı Muradın başına endirdikdə, ona elə gəldi ki, başına çəkıclə döyürlər, lakin bunu kimin etdiyini, nə üçün etdiyini anlaya bilmədi. Bu onun idrakının son işartısı, şüurunun bədənlə olan axırıncı əlaqəsi idi. Bundan sonra o artıq heç bir şey hiss etmirdi. Düşmənləri isə artıq Hacı Muradla heç bir əlaqəsi olmayan cəsədi ayaqları altında tapdalayır, xəncərlə doğram-doğram edirdilər. Hacı Ağa ayağını cəsədin kürəyinə qoyub ikı zərbəyə başı bədəndən ayırdı və məstini qana batırmamağa çalışaraq başı ehtiyatla kənara yuvarlatdı. Həm Karqanov, həm Hacı Ağa, həm Əhməd xan, həm də bütün milisionerlər, öldürülmuş vəhşi heyvanın ətrafında toplaşan ovçulartək Hacı Muradın və onun müridlərinin (Hənəfini, Qurbanı və Həmzəlonu tutub əl-qollarını sarımışdılar) cəsədlərini araya alaraq, barıt tüstüsünə bürünmüş kolluqda fərəhlə deyib-gülür, öz qələbələrini bayram edirdilər.

Şumlanmış tarlada tapdalanmış, əzilmiş ayıpəncəsi kolpanının mənə xatırlatdığı həmin bu ölüm idi.

Tərcümə edən: M.Əfəndiyev

 




Copyright Ədəbiyyat dərsliyi © 2024