MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Marağayı
Bölmələr

******

24.12.2024, 05:49

Zeynalabdin Marağayi

İBRAHİM BӘYİN SӘYAHӘTNAMӘSİ

(romandan parçalar)


İbrahim bәyin sәyahәtnamәsini qәlәmә almadan әvvәl onun tәrcümeyi-halı haqqında müxtәsәr dә olsa mәlumat vermәk lazımdır ki, oxucular onun sәyahәti sәbәblәri ilә layiqincә tanış olsunlar. İbrahim bәy Azәrbaycanın böyük tacirlәrindәn birinin oğludur. Atası әlli il bundan әvvәl ticarәt mәqsәdi ilә Misirә gedib, ticarәtindә baş verәn rövnәqә görә, bir çox müsәlman ölkәlәrinin qibtәsinә sәbәb olan bu böyük şәhәri özünә mәskәn seçәrәk, orada qalır. Hәmin möhtәrәm tacir yaxşı ad qazanmağın, ticarәt tәrәqqisinin ilk şәrti olan әminliyinә vә dәyanәtinә görә az bir müddәt içәrisindә çoxlu sәrvәt toplayıb, xoşniyyәtliliyi vә millәtә xeyirxah olduğuna görә hamının hörmәtini qazanır.
Bu sәdaqәtli vә tәmiz vicdanlı tacir Misirdә sakin olduğu uzun illәr boyu öz gözәl milli adәt-әnәnәlәrini zәrrәcә dә olsun dәyişmәmiş, yemәk-içmәkdә, geyimindә, adamlarla rәftarında, bir sözlә, mәişәtindә öz babalarının yolu ilә getmişdir. Daim vәtәn tәranәsini zümzümә edәrdi. Hәr kәsi görsәydi, vәtәninin vә hәmvәtәnlәrinin әhvalını soruşardı. Özü Misirdә olsa da, ürәyi hәmişә İranda idi. Qış gecәlәrindә tanınmış hәmvәtәnlәrindәn bir neçәsini qonaq çağırardı. Qonaqlıq mәclislәrindә isә onların mәşğәlәsi İranın tarix kitablarını vә keçmiş şahların әhvalatını oxumaqdan ibarәt olardı. Uzun illәrdәn bәri onun oğlunun tәrbiyәçisi vә müәllimi olan Mirzә Yusif adlı bir şәxs " kitablardan Keyxosrov, Cәmşid, Bәhmәn, Şapur, Әnuşirәvan vә bunlar kimi böyük padşahların dastanlarını oxuyar, o isә qulaq asdıqca fәrәhlәnәr, ürәyi qürur hissi ilә dolardı.
Bu vәtәnpәrvәr vә qeyrәtli şәxs vәfat edәndәn sonra onun İbrahim adlı bir oğlu qaldı. Hәmin sәyahәtnamә dә onun adınadır. Mәn atanın vәfatından sonra onun oğlu ilә dә tanış olmuşdum. Günlәrin bir günündә Misirә güzarım düşdü. Köhnә dostluq münasibәtlәrinә görә birbaşa İbrahim bәyin evinә gedib, orada qaldım. Bir gün onun kitabxanasına baxırdım. Müxtәlif xәtlәrdә vә çaplarda olan altı-yeddi cild "Tarixi-Nadiri" gördüm. Çox tәәccüblәndim. Öz-özümә düşündüm: "Bir kitabxanada eyni kitabdan Tehran, Tәbriz, Bombey vә başqa yerlәrdә çap olunmuş müxtәlif nüsxәlәrin toplanmasının nә mәnası var?" Nәhayәt, bunun sәbәbini İbrahim bәyin özündәn soruşmaq qәrarına gәldim vә dedim:
- Bu qәdәr "Tarixi-Nadiri"ni nә üçün buraya toplamısınız?
O dedi:
- Atamdan yadigardır. O rәhmәtlik bu kitabı hәdsiz dәrәcәdә sevirdi. Bunu hamı bilirdi. Ona görә dә hәmin kitabdan harada әlyazması vә ya yaxşı çap olunmuş nüsxә tapsaydılar, mәrhum atamın yanına gәtirәr vә yaxşı qiymətә satardılar. Hәlә atam bu kitabın bir neçә cildini vәqf etdiyi üçün vәfatından sonra gәlib apardılar.

Xülasә, onun iranlılıq tәәssübü o dәrәcәdә idi ki, qәlәm onu şәrh etmәkdә acizdir. Misal üçün, әgәr bir nәfәr bilә-bilә vә ya bilmәdәn onun yanında İranı pislәsәydi, İbrahim bәy onu dinsiz vә qeyrәtsiz adlandırıb, ömrünün axırınadәk onunla danışmazdı. Misirdә bir neçә nәfәr dә İranın mötәbәr taciri vardı. Hәr birinin sәrvәti әlli min tümәnә çatardı. Hamısının dövlәti aşıb-daşırdı. Ancaq İranın dövlәt mәmurlarının özbaşınalığı, zülm vә tәcavüzündәn cana gәlib, tәbәәliyini tәrk etmiş, hәr birisi özünü İngiltәrә, Fransa, Rusiya vә bu kimi böyük dövlәtlәrdәn birinә bağlamışdır ki, mәmurların şәrindәn asudә olsun. Bu tacirlәr hәmin qeyrәtli şәxsә dә xeyirxahlıq üzündәn dәfәlәrlә nәsihәt edib deyirdilәr ki, sәn dә İran tәbәәliyini tәrk etmәsәn öz vәrәsәlәrinә vә övladına açıq zülm vә xәyanәt etmiş olarsan. Çünki Osmanlı ölkәsindә vә Qafqazda olan İran sәfirlәri vә mәmurları özlәrini ölmüş iranlıların hәqiqi varisi vә hamisi, dirilәrinin isә qәyyumu hesab edirdilәr. Bunun üçün dә sәn ölәndәn sonra irsindәn övladlarına bir şey vermәyәcәklәr. Mәgәr hәr gün buna oxşar hadisәlәri görmür vә ya eşitmirsәn? Ancaq bu qeyrәtli şәxs onların nәsihәtinә qulaq asmır, hәtta sözlәrini belә eşitmәk istәmirdi. Konsullar neçә dәfә bәhanә tapıb onu hәbs vә cәrimә etdirmişdilәrsә dә, o yenә dә tәmkinini pozmayıb, tәbәәliyini dәyişdirmәyi qeyrәtinә sığışdırmamışdı. Öz zülmü vә alçaq bidәtlәri ilә indi dә İstanbulda vә sair Osmanlı vilayәtlәrindә iranlıların var-yoxuna od vuran vә hamının nifrәtini vә lәnәtini qazanan Hacı Mirzә Nәcәfәli xan bu xoşxasiyyәtli insanın vәfatından sonra, onun mötәbәr şәri vәsiyyәtnamә qoyub getmәsinә baxmayaraq, vәrәsәsindәn min ingilis lirәsi almayınca onların yaxasından әl çәkmәdi. Әgәr vәsiyyәtnamәdә kiçik bir barmaq yeri tapsaydı, onda Allaha pәnah, bütün var-dövlәti içәri salmayanadәk yaxalarından әl çәkәn deyildi.
Sözün qısası, İbrahim tәzәcә iyirmi yaşına qәdәm qoymuşdu ki, atası vәfat etdi. Son nәfәsindә atası öz oğlunu yanına çağırdı. Belә bir ataya layiq olan tәrzdә vәsiyyәtini elәyib dedi:
- Mәnim gözümün işığı! Mәn atalıq vәzifәsini sәnin haqqında yerinә yetirdim, ana dili vә milli dilindәn әlavә, sәnin kimilәrin dadına çatan vә kişi üçün bir hünәr sayılan xarici dillәrdәn vә fәnlәrdәn dә sәnә öyrәtdim. Sәn bunların hamısını öz fәrasәtinlә, fitri zәkanla gözәlcә qavradın. Allaha şükür, sәnin pak әxlaqına, abrına vә dәyanәtinә söz ola bilmәz. Bu cәhәtdәn mәn sәndәn razıyam. Lakin indi mәnim hәyatımın şamı sönәrkәn sәnә bir neçә vәsiyyәtim var. Yaxşı qulaq as, hәr iki dünyada xoşbәxt olmaq üçün onları yadından çıxarma!
Birincisi budur ki, ananı sәnә tapşırıram. Sәn özün bundan sonra bilәcәksәn ki, o vә mәn sәnin boya-başa çatmağın vә tәrbiyәn üçün nә kimi zәhmәtlәrә qatlaşmışıq.
İkincisi, sәnin mürәbbin vә müәllimin olan Mirzә Yusif әmidәn muğayat ol; ona görә ki, ata-anadan sonra müәllimin hörmәti hәr bir kәsin borcudur. Әlәlxüsus ki, Yusif әminin hörmәti. O, sәdaqәtli, dәyanәtli, vәfalı bir adamdır; ömrünün әvvәlindәn bizimlә bir yerdә olub. İndi onu ailәmizin bir üzvü hesab etmәk lazımdır.
Üçüncüsü, heç vaxt gözәl milli adәt-әnәnәni tәrk elәmә. Bәzi biqeyrәt nanәciblәr İranı pislәyirlәr, sәn onlara uyma; yalan deyirlәr. Hәtta, misal üçün, onların sözlәri düz olsa da, sәn onlara qoşulma, vәtәni pislәmәkdә onlarla hәmavaz olma.
Dördüncüsü, öz sirrini hәr bir adamdan gizli saxla. Yalnız sınaqdan çıxmış tәmiz vicdanlı dostuna ürәyini aç. Ancaq, heyhat, belә dost az tapılar.
Beşincisi, yaltaq adamlardan bacardıqca kәnar gәz. Sәni üzdә tәriflәyәndәn mümkün qәdәr uzaqlaş. O, sәni tәriflәmәklә öz istәdiyini әlә keçirmәkdәn әlavә, sәni insan üçün әn pis sifәt sayılan lovğalığa vә xudbinliyә düçar edәr. Bu isә hәr bir dәrddәn betәrdir.
Altıncısı, az qonaq get, qoy sәnin yanına çox qonaq gәlsinlәr. Yәni qonaq getmәyә yox, qonaq çağırmağa daha artıq rәğbәtin olsun. Әliaçıqlıqda ifrata varma. Nә o qәdәr bağışla ki, mәşhurlaşasan, nә dә o qәdәr sıx ki, ad çıxarasan. Yәni әgәr mәşhursansa, hәr tәrәfdәn dilәnçilәr sәnin üstünә tökülәcәklәr; xәsislik göstәrsәn -- sәninlә düşmәn olarlar. Bu, әlbәttә, ehtiyacı olan yoxsullar haqqında deyil, yaltaq borc istәyәnlәr xüsusundadır.
Adamların sәnә dediyi sözә inanmadıqda onlarla mübahisәyә vә münaqişәyә girişmә, sakit әylәş, heç bir söz demә. Sәnә bәrk-bәrk tapşırıram ki, altı-yeddi ilәdәk ticarәtlә mәşğul olma. Allaha şükür, dolanmaq üçün hәr cür imkanın var. Bu müddәt әrzindә dünyanın harasına könlün istәyirsә, sәyahәtә çıx. Bu sәyahәt üçün min lirә ayrıca sәnin adına yazmışam, onun başqa vәrәsәlәrә heç bir dәxli yoxdur. Lakin sәyahәtini yalnız şәhәrlәrin abadlığı vә ya xarabalığını seyr etmәyә hәsr etmә. Hәr yerdә bir neçә gün qal. O yerin bütün sakinlәrinin mәişәt tәrzi vә yaşayışını diqqәtlә öyrәn, o ölkәnin illik ticarәt statistikasını dәrindәn mütaliә elә, bununla sәn başqa xarici ölkәlәrdәn oraya hansı malların vә mәhsulların idxal edildiyini öyrәnәrsәn, hәm dә bilәrsәn ki, ildә müәyyәn şeydәn orada nә qәdәr satıla bilәr. Bununla birlikdә o ölkәdәn hәr il hansı maldan nә miqdarda ixrac edildiyini dә bilmәlisәn. Çatdığın hәr bir şәhәrdә özün üçün oranın mötәbәr adamlarından bir neçә nәfәr dost tap, onlarla mәktublaş.
Bu sәyahәtindә, Yusif әmi diri olarsa, onu da özünlә apar, qoy ağır vaxtlarında sәnin qayğına qalan bir adam olsun. Sәn bu şәhәrdә mәnim dostlarımı tanıyırsan, onların hörmәtini mәndәn daha artıq saxla. Mәnimlә dost olmayanlardan uzaq gәz; çünki mәn dost seçmәkdә çoxlu әziyyәtlәrә qatlaşmışam. Adamları tanımaq, onları sınamaq çox zәhmәt tәlәb edir. Bu iş üçün bacarıq vә hünәr lazımdır.
Sәyahәt zamanı hansı şәhәrә çatdın, oraya daxil olduğun vә çıxdığın günün tarixini vә bütün müşahidәlәrini qeyd dәftәrindә yaz, bir gün çatar ki, sәnin karına gәlәr.
Qalan vәsiyyәtlәrimi bircә-bircә vәsiyyәtnamәdә yazmışam...
Atasının vәfatından sonra, gözәl әxlaqı, doğru-düzgünlüyü, xeyirxahlığı vә tәmiz dolanmasına görә İbrahim bәyi dost-düşmәn barmaqla nişan verirdi. Bütün işlәri ölçülüb-biçilmiş, adamlarla rәftarı olduqca mülayim vә gözәl idi. Milli tәәssübdә dә İbrahim bәy atasını ötüb keçdi. Belә ki, bir para zarafatçı hәmvәtәnlәri onu pәrt etmәk istәyәndә İranın bәzi eyblәrindәn onun yanında danışmağa başlardılar. Mәsәlәn, deyәrdilәr: İranda nizam-intizam, qanun yoxdur, әsgәrlәr ayaqyalındır, dövlәt müәyyәn mәblәğ rüşvәt alıb vilayәtlәri hakimlәrә satır; hakim, bәylәrbәyi, kәtxuda, darğa, fәrraşbaşı -- hәrәsi bir badalaq qurub, günahsız adamlara işgәncә verir, hәbs vә cәrimә edirlәr. Bir şәhәrdә on beş yerdә hәbsxana var. Hamamların vәziyyәti bәrbaddır, xәznәlәrdә su qoxuyur, hәr cür yoluxucu xәstәliyә tutulmuş adamlar bu xәznәlәrdә çimir, minlәrlә insanı xәstәlәndirirlәr. Xәznәnin murdar suyunu o qәdәr dәyişdirmirlәr ki, onun rәngi bataqlıqda qalan suyun rәnginә oxşayır. Ruhanilәr bir-biri ilә düşmәnlik edib rәqabәt aparırlar.
Bәzәn dә bu zarafatçı adamlar hakimlәrin qәddarlığından, әhalini istәdiklәri zülmә, işgәncәyә vә talana mәruz qoymalarından, onların hәdsiz-hüdudsuz zülmündәn xalqın baş götürüb cәlayi-vәtәn etmәsindәn söhbәt açır, özü dә bütün bu ürәyә dәyәn sözlәri İbrahim bәyә eşitdirirdilәr. Biçarә İbrahim bәy bu sözlәri eşitdikcә hirslәnir, onların bәzisini dinsiz, bir parasını qeyrәtsiz adlandırırdı.
Bәzәn dә әksinә olurdu, İbrahim bәyin dostları onu sevindirmәk istәyirdilәr. Çayxanada oturub, yolunu gözlәyirdilәr. İbrahim bәyi uzaqdan görәn kimi İranın әzәmәtindәn, şövkәtindәn söhbәt açırdılar. Yazıq İbrahim bәy ürәyinә yatan sözlәri eşidib, könül xoşluğu ilә әylәşir, vәcdlә onlara qulaq asırdı.
Bu kimi söhbәtlәri eşitdikdә yazıq İbrahim bәy elә sevinirdi ki, bilmirdi nә elәsin. Hey çayçıya deyirdi ki: ağalara çay, qәlyan ver! Söhbәt getdikcә qızışırdı. Bir başqası deyirdi: "Mәn arxayın bilirәm ki, şahın bircә işarәsi vә hökmü ilә iki hәftә әrzindә әlli min atlı qoşun hәrbә hazır vәziyyәtdә toplanar, hamısı da bütün xәrclәri öz öhdәsinә götürәr". O birisi deyirdi: "Hәlә sәnin Bәxtiyari atlılarından xәbәrin yoxdur. Onlar iki hәftә әrzindә yüz min atlı qoşun hәrbә tam hazır vәziyyәtdә çıxara bilәrlәr". Üçüncüsü onun sözünü yarımçıq qoyub, Marağa vә Әfşar qoşunlarının rәşadәtindәn vә qәhrәmanlığından söz açırdı. Bu kimi mәclislәrin söhbәti sona çatdıqda İbrahim bәy könül açıqlığı vә mәmnuniyyәtlә bütün çayxanada oturanların çay, qәlyan pulunu verәr, hәtta bәzi vaxt onları nahara vә faytonla gәzmәyә dә qonaq edәrdi.
Bütün bunlar İbrahim bәyin tükәnmәz qeyrәt vә tәәssübündәn vә onun şәrhi-halından qısaca bir nümunәdir. Lakin ola bilsin ki, bir para dar düşüncәli adamlar onun bu qeyrәtini vә tәәssübünü yersiz cәhalәt vә fanatizmә yozsunlar. Ancaq hәqiqәtdә belә deyil. Bu әziz hәmvәtәnimiz cavan olsa da, öz dövrünün yetişdirmәsi olan tәcrübәli, ağıllı, fәrasәtli, kamil adamlardan biridir. Ancaq burası var ki, İran adını eşidәn kimi ixtiyarı әlindәn gedirdi. Vәtәn eşqi onun bütün varlığına hakim kәsilmişdi.

İbrahim bәy sarıdan nigaran qalmışdım. Nәhayәt, sәkkiz aydan sonra günlәrin birindә evin nökәri xәbәr gәtirdi ki, İrana gedәn o iki qonaq qayıdıb gәlmişdir. Qaça-qaça qapıya tәrәf getdim. İbrahim bәy vә Yusif әmi ilә görüşüb öpüşdükdәn vә xoş-beş elәdikdәn sonra otağa gәldik. Dedim:
- Qardaşım, sizdәn çox nigaran idim. Qaldığınız yerin ünvanını bilsәydim, teleqram vasitәsilә әhvalınızı soruşardım. Allaha şükür, sağ-salamat qayıdıbsınız. Ümid edirәm yollarda vә gәmidә әziyyәtә düşmәmisiniz?
- Sәfәrә çıxmaqdan qabaq öz niyyәtini nә üçün mәnә bildirmәdin?
- Vallah, әslinә baxsan, әvvәl heç belә bir sәfәrin әzmindә deyildim. Yola çıxmaqdan iki-üç gün әvvәl belә bir sәyahәt fikrinә düşdüm. Buna da sәbәbkar şirazlı Ağa Әhmәd oldu. Gәrәk ki, siz dә Ağa Әhmәdi tanıyasınız. Siz Misirә tәşrif gәtirәn vaxt hәrdәnbir bizim evә gәlәrdi.
- Bәli, bәli, yadımdadır, -- dedim.
- İbrahim bәy sözünü davam etdirdi:
- Haman şәxs atasının illik sәdaqәtli xidmәtlәri müqabilindә ildә Tehrandan yüz iyirmi tümәn tәqaüd alardı. Lakin on ilә yaxın idi ki, әlinә bir şey çatmırdı. Yazıq kişi mәsәlәni ayırd etmәk üçün Tehrana getmәli olur. Orada mәlum olur ki, tәqaüd hәr il öz qaydası ilә göndәrilir. Ancaq özünü iranlıların ölüsü vә dirisinin qәyyumu hesab edәn İstambul sәfiri onu bütünlüklә içәri salır. Özü dә nә sorğu-sualdan qorxur, nә dә bir adamdan xәcalәt çәkir. Hәmin sәfir yalnız onu deyil, İstambulda vә onun әtrafında olan bütün iranlıların malını hәr gün әlә keçirib, heç nәdәn vahimә etmәdәn yiyәlәnir. Әlqәrәz, o biçarә uzun-uzadı yolun zәhmәt-әziyyәtini, sәfәr mәşәqqәtini çәkdikdәn sonra tәzәdәn Misirә qayıdır. Siz ki, mәnim xasiyyәtimә bәlәdsiniz. Bu kişinin İrandan gәlmәsini eşidәn kimi görüşünә getdim. Tehranın vә İranın vәziyyәtini soruşdum. Nә kimi xoş xәbәrlәr varındır?- dedim.
- Heç nә yoxdur,- dedi.
Dedim:
- Padşahlığın vәziyyәtini, nazirlәrin ölkәni necә idarә etdiklәrini soruşuram.
- Heç nә yoxdur,- deyә yenә dә cavab verdi.
Ölkәnin idarә olunması vәziyyәtini, qoşunun nizam-intizamını soruşdum. Yenә dә әvvәlki kimi dedi:
-Әrz elәdim ki, heç bir şey yoxdur.
- Qәribә adamsan, - dedim. Mәgәr bu ölkәdә hәrbi nazir, daxili işlәr nazirliyi, xarici işlәr nazirliyi, maarif, maliyyә, milli gәlir, kәnd tәsәrrüfatı, ticarәt nazirliklәri yoxdur?
- Bunların hamısının adı var, -- dedi. - Qulluqçuları vә katiblәri dә vardır. Hәtta suda çürümüş iki hәrb gәmisi üçün hәrbi dәniz donanması naziri vә nazirliyi dә düzәldiblәr! Elә yalnız bununla ölçә bilәrsәn ki, başqa nazirliklәrin vәziyyәti necәdir.

Doğrusu, bu kişinin yava-yava sözlәri vә hәdyanları mәni lap pәrt elәdi. Evә qayıtdım. Bütün gecәni düşünürdüm: "Nә etmәk lazımdır? Vәtәn haqqında deyilәn bu sözlәrin gәrәk hәqiqәti olmasın. İndi ki, mәrhum atam sәyahәt etmәk icazәsi veribdir, insafdan uzaqdır ki, iki-üç dәfә Avropa ölkәlәrini gәzdiyim halda bircә dәfә dә vәtәni ziyarәt etmәyim. Yaxşısı budur ki, sәfәrә çıxım. Belә olduqda vәtәnin sair yerlәrini, әlәlxüsus paytaxtı da sәyahәt etmiş olaram. Әgәr qalmağım üçün oranı münasib görsәm Misirә qayıdıb bütün әmlakımı sataram, ailәliklә oraya gedib, ticarәt vә ya ziyarәtlә keçinәrәk, ömrümün qalan hissәsini vәtәnin pak vә müqәddәs torpağında başa vuraram". Buna görә dә haman gün Yusif әmiyә dedim ki, sәfәrә çıxmaq tәdarükünü gör, biri gün İranı sәyahәt etmәk niyyәti ilә yola düşәcәyik. Buna görә dә sәkkiz ay bundan qabaq sizin evә gәlib, neçә gün qalandan sonra sәfәrimizi davam etdirdik. İndi artıq qayıtmışıq, Misirә getmәk әzmindәyik.
Dedim:
- Çox gözәl, nә gördünüz? Hökumәtin, mәmlәkәtin vәziyyәti necә idi?
Dәrindәn bir ah çәkib dedi:
- Nә siz soruşun, nә dә mәn deyim. Kaş heç o tәrәflәrә getmәyәydim, bu qәdәr fәlakәti görmәyәydim, vәtәni yad edәrkәn aldığım o zövq әvvәlki kimi qalaydı, onun lәzzәtli xatirәsilә yaşayaydım!
Dedim:
-Mәn bilirdim ki, sәn bu sәfәrdәn razı qayıtmayacaqsan. İndi olan olub, keçәn keçib, zәrәr yoxdur, gördüklәrini mәnә desәn dәrdinә şәrik olaram. Hәr nә görmüşәm, başıma nә gәlibdirsә, hamısını yazmışam. Sabah öz sәyahәtnamәmi sizә tәqdim edәrәm. Özünüzün oxumağınız yaxşıdır; çünki mәndә onları söylәmәk iqtidarı yoxdur. Hәrçәnd ki, şahidi olduğum әzab-әziyyәtlәri, fәlakәt vә bәdbәxtliklәri qәlәmә almaq istәmirdim, lakin mәrhum atam vәsiyyәt elәmişdi ki, hәr hansı ölkәyә qәdәm qoyduqda gördüklәrimi qeydә alım, ona görә ki, bir gün karıma gәlәr. Mәn dә atamın vәsiyyәtinә әmәl etdim.
Gecәdәn xeyli keçmişdi. Çörәk yedik, sonra dedim:
- Qardaş, yoldan gәlmisiniz, yәqin ki, yorğunsunuz, nә qәdәr tez dincәlsәniz bir o qәdәr yaxşıdır. Buyurun dincәlin, sizә yaxşı istirahәt etmәyi arzulayıram.
Gedib yatdım. Sәhәr durub namazdan sonra çay içdik. İbrahim bәy üzünü Yusif әmiyә tutub dedi:
- Mәnim yol qeydlәrimi ver, -- dedi.
Ondan bir dәftәr alıb mәnә verdi vә әlavә etdi:
- Budur, mәnim sәyahәtnamәmdir. Hәr nә görmüşәm, artılıb-әksiltmәdәn burada qeydә almışam. Әgәr vaxtınız varsa, biz hamamdan qayıdanadәk oxuyun.
Mәn İbrahim bәyin sәyahәtnamәsini aldım. Bilirәm ki, oxucular sәyahәtnamәnin mәzmunu ilә tanış olmaq intizarındadırlar, buna görә dә onun üzünü aşağıda yazıram.
SӘYAHӘTNAMӘNİN MӘTNİ
Filan ayın on sәkkizindә müqәddәs Mәşhәd şәhәrini ziyarәt vә İranı sәyahәt etmәk әzmi ilә hәqiqәtdә mәnim әmim vә hәtta atam hesab olunan müәllimim Yusif әmi ilә gün doğandan iki saat keçmiş dәmiryol qatarının birinci dәrәcәli vaqonunda Qahirәdәn liman doğru yola düşdük. Hәmin günün batmasına iki saat qalmış oraya çatdıq. O gecәni hәmin şәhәrdә qaldıq. Sabahı gün günortadan dörd saat keçmiş adlı gәmiyә birinci dәrәcәli yerә bilet alıb İstanbula tәrәf hәrәkәt etdik. Hava olduqca gözәl idi. Bütün günü gәminin göyәrtisindә seyrә daldım. Lakin heç bir müsahibim yox idi, öz xәyallarıma dalmışdım. İki gecә-gündüz әrzindә İstanbula çatdıq. Mәnim әziz dostum olan ev sahibinin İstanbulda olmamasına baxmayaraq, onun nökәr-külfәti bizi hörmәtlә qarşıladılar, qonaqpәrvәrlik rәsmini lazımınca yerinә yetirdilәr. Bizә o dәrәcәdә hörmәt elәdilәr ki, lap xәcalәt çәkdik. Hәrçәnd ki, dostumun evini öz evim kimi bilirәm, lakin ev sahibinin olmaması bizim daha çox xәcalәt çәkmәmizә sәbәb oldu.
Dördüncü gün öz vәsiqәlәrimizә İran vә rus konsulxanalarında qol çәkdirib, alman gәmisi ilә birinci dәrәcәli yerdә Batuma tәrәf yola düşdük vә beşinci gün oraya çatdıq. Rus gömrükxanası mәmurları gәlib şeylәrimizi yoxladılar. Vәsiqәlәrimizә isә gәminin içindә qol çәkdilәr. Gәmidәn çıxdıq. Körpü üstündә böyük bir dәstә iranlıya rast gәldim. Onların pәrişan halı mәnә çox pis tәsir etdi. Hamısının sifәti saralıb-solmuş, bir dәri, bir sümükdәn ibarәt olan bәdәnlәrini örtәn paltarları cırım-cındır idi. Mәn yerimdәcә quruyub qaldım.
Bu әsnada onlardan bir dәstәsi bizim dәstәmizә toplaşdı. Әtәyimizdәn tutub hәr kәs bir tәrәfә çәkir: "Ağa, sizi yaxşı bir qәhvәxanaya aparım, orada mәnzil dә var" - deyirdi. İstәdilәr bizim şeylәrimizi götürsünlәr. Onların içәrisindә olanlardan biri bizә işarә edib dedi:
- Getmәyin!
Sonra Yusif әmini bir kәnara çəkib pıçıldadı:
- Mәbadә bunların qәhvәxanalarına gedәsiniz. Hamısı oğrudur. Yaxşısı budur ki, "İmperial" mehmanxanasına gedәsiniz. Bu yaxınlıqdadır. Orada qalmağınız mәslәhәtdir. Doğrudur, gecәdә bir-iki manat artıq vermәlisiniz, ancaq hәr bir tәhlükәdәn asudә olarsınız.”
Yusif әmi hambala dedi ki, "İmperial" mehmanxanasına gedәcәyik. Orada gecәsi iki manata bir otaq tutduq. Gecәni yatıb istirahәt etdik. Sәhәr tezdәn mehmanxanadan çıxıb, hәmvәtәnlәrimizdәn birinә rast gәlib, Tiflis maşınının nә vaxt hәrәkәt edәcәyini ondan soruşduq. O dedi ki, biri indi hәrәkәt edәcәk, biri dә axşam. Gördük ki, indikinә çatmarıq. Ona görә dә qәrara gәldik ki, axşam maşınını gözlәyәk, hәm dә şәhәri yaxşı-yaxşı gәzәk. O hәmvәtәnimizin adını vә vilayәtini soruşdum. Dedi:

-Adım Әlidir, özüm dә lәnkәranlıyam.
Dedim:
- Qәribәdir, burada hara baxırsan iranlıdır. Özü dә hamısı pәrişan, hamısı fәlakәtlә әlbәyaxa! Mәlum olur ki, hamısı yoxsuldur.
- Bәli, - dedi. -Burada iranlı çoxdur. Bu gün bazar günü olduğuna görә hәr yerdә tәtildir. Buraya toplaşanların çoxu sabah işdә olar.
- Nә iş görürlәr, -- deyә soruşdum.
Cavab verdi:
- Hamısı fәhlә vә hambaldır. Qırx-әlli nәfәri dә tabaqçı, aşpaz vә alverçidir. Qalanı avara-sәrgәrdan, gündәlik çörәyinә möhtac bәndәlәrdir.
- Bәyәm nә qәdәrdilәr?
- Dörd-beş min nәfәr olar, - dedi.
- Bәs İran dövlәti bunlara niyә icazə verir ki, vәtәnlәrini tәrk etsinlәr?
- Allah atana rәhmәt elәsin,- dedi. - Elә bil o dünyadan gәlmisәn. Nә qoymusan, nә axtarırsan? Әvvәla İranda әmin-amanlıq yoxdur, iş yoxdur, çörәk yoxdur. Daha bu yazıqlar nә elәsinlәr. Bәzisi hakimlәrin özbaşınalığından, bir parası bәylәrbәyi, darğa vә kәtxudanın zülmündәn baş götürüb qaçıblar. Bu alçaqlar birindә beş şahı pul görәn kimi o saat min hiylә vә bәhanә ilә ona papuş tikirlәr. Birinә deyirlәr: sәnin qardaşın sәrbaz idi, qoşundan qaçıbdır. O birinә bәnd olurlar ki, әmioğlun neçә vaxt qabaq çaxır içib vә ya qohumlarından biri qumar oynayıbdır. Hәtta qonşunu tutub qonşusunun etmәdiyi günah üstündә cәrimә edirlәr. Әgәr bu bәhanәlәr onların mәqsәdini tәmin etmәsә, onda özünә mnn cür töhmәt vә iftira atacaqlar. Buna görә dә xalq cәlayi-vәtәn edib, Osmanlı ölkәsinә, Rusiyaya, Hindistana gedir. Bu ölkәlәrdә dә sәfirlәrin, konsulların, onların haramxor adamlarının әlindәn asudә deyillәr. Burada gördüyün o yazıq ayaqyalınlar hәr gün sәhәrdәn axşamadәk günün istisi altında palçıq daşıyır, fәhlәlik elәyirlәr. Kafәrin dә onlara rәhmi gәlir. Ancaq bu sәfirlәr, konsullar vә onların maaşsız-donluqsuz nökәrlәri biçarә iranlıları rәhmsizliklә soyur, hәrәsindәn ildә dörd min manat tәzkirә pulu alırlar.
Bu fәhlәlәrdәn biri öldükdә, azdan-çoxdan bir şeyi olarsa, cәnazәsinin başında hamıdan әvvәl konsulxana mәmurları hazır olur. Onlar özlәrini ölünün hәqiqi varisi hesab edirlәr. Әgәr ölәn yoxsul olsa, cәnazәsi üç günlәrlә yerdә qalsa da, o tәrәfә dolanan olmaz. Gәrәk bu bәdbәxt muzdur fәhlәlәrin özlәri pul toplayıb, meyidi dәfn etsinlәr.
Hal-hazırda hәmin Batum şәhәrindә qırx-әlli nәfәr günahsız iranlı zindanda yatır.
Dedim:
-Görünür, İran dövlәtinin bunların rәftarından xәbәri yoxdur. Gәrәk tәbәәlәr özlәri әrizә yazıb, zalimlәrdәn şikayәt elәsinlәr.
- Elә bu Hәmәdan, Brucird çiti, Milan, Tәbriz qanovuzunu gәtirib burada satırıq,- dedi. - Bu malların bazarı da әvvәlkilәrә nisbәtәn çox kasadlanıbdır. Bundan qabaq ildә bu mallardan neçә min yük gәtirib, bu tәrәflәrdә satırdıq. Ancaq indi keçmiş zamanların heç yüzdә biri qәdәr dә satılmır. O qәdәr qәlp mal buraxdılar, cinsin rәngindәn, ipәyindәn o qәdәr oğurladılar ki, daha indi bir kәs rәğbәt elәyib, bu malların heç üzünә dә baxmır. Çox keçmәz daha bunların istehsalı tamamilә yığışdırılar. Onda gәrәk biz Moskvanın ipәk mallarını alıb İrana göndәrәk.
Mәn özüm ticarәtlә mәşğul olduğum bu az müddәt әrzindә bir çox rus tanıyıram ki, cüzi sәrmayә ilә toxuculuqa başlayıb, üç-dörd ilin içindә düzlük, doğruluq nәticәsindә hәr biri milyon sahibi olubdur. Bu gün әksinә, bir çox iranlı da tanıyıram ki, hәrәsi böyük bir sәrmayә ilә buraya gәlib, on-iyirmi il zәhmәtdәn sonra iflasa uğrayıbdı. Ona görә ki, biz milli vә ümumi mәnfәәti heç vaxt mülahizә elәmirik. Ölkәnin әmtәәsini özümüzün beş günlük, müvәqqәti xeyrimiz üçün saxtalaşdırırıq.
Bunu birdәfәlik bilmirik ki, әyri yük mәnzilә çatmaz. Bir neçә vaxt keçdikdәn sonra o malın qәlp olduğu üzә çıxır, hamının gözündәn düşür, istәr-istәmәz alıcısı olmadığına görә istehsalı birdәfәlik yığışdırılıb aradan gedir. Onda bu müvәqqәti mәnfәәtin zәrәrini bütün hәmvәtәnlәr çәkir. İndi, dediyim kimi, Tiflisdә İran malı, demәk olar ki, tamamilә gözdәn düşübdür. Elә buna görә dә bütün iranlıların arasında on min tümәn sәrmayәsi olan tacir az tapılar. Hamı Әlinin börkünü Vәlinin başına, Vәlinin börkünü Әlinin başına qoymaqla mәşğuldur. Bu xoşagәlmәyәn vәziyyәtin dә ümdә sәbәbi yenә dә hökumәtin sәhlәnkarlığı, mәmurların rüşvәtxorluğudur. O böyük ölkәni xaraba qoyan bu iki mәnhus amilin bәrәkәtindәn heç bir qayda-qanun orada baş tutmur.
Sonra vidalaşıb, birbaşa mehmanxanaya getdik. Hәrçәnd ki, Tiflis böyük, tamaşalı şәhәrlәrdәn biridir. Ancaq bu söhbәtlәrdәn o dәrәcәdә kәdәrlәndim ki, bütün dünya gözümdәn düşdü, heç bir şeyi görmәk hәvәsi mәndә qalmadı. Bir az yatdım. Qatarın hәrәkәtinә az qalmış durub mehmanxananın hesabını verdim. Bir bәlәdçi götürüb yola düşdük. Bütün yolu vәtәndәn avara düşüb qürbәtdә tam fәlakәt vә zildәtlә gün keçirәn millәtimin pәrişan halı haqqında düşünürdüm. Hey papiros çәkir, köksümü ötürürdüm. Nәhayәt, tәәssüratımın şiddәtindәn öz-özümә dedim: "Gәrәk bundan sonra vәtәnin vәziyyәtini soruşmaqdan, hәmvәtәnlәrimin әhvalını yazmaqdan vaz keçәm. Çünki hamısı ancaq qәm-qüssә gәtirir". Sonra atamın vәsiyyәti yadıma düşdü. Gördüm әlacım yoxdur, yazmalıyam.
Sabahısı gün ikindi çağı çox gec Bakıya çatdıq. Bir baş "Qafqaz" mehmanxanasına getdik. Bu mehmanxanada mәnzil kirayәsi ucuz idi, hәr günü bir manat idi. Ancaq çox çirkli idi. Xidmәtçilәri dә olduqca kobud idilәr. İki gecәdәn artıq qalmalı olmadığımıza görә başqa yerә köçmәk istәmәdim. Mehmanxanadakıların әksәriyyәti müsәlman idi. Hәr kәs öz mәnzilindә xörәk hazırlayır, kabab bişirirdi. Yusif әmiyә dedim:
- Gedәk bir az şәhәri gәzәk.
Mehmanxanadan çıxdıq. Qapıda xidmәtçilәrdәn biri bizim qabağımızı kәsib dedi:
- Mәşәdi, nәqd pul, qiymәtli şeydәn-zaddan varınızdırsa, burada qoymayın. İşdi, oğurlansa biz cavabdeh deyilik.
- Mәnzilin açarı cibimizdәdir,- dedim.
- Mәn açar-maçar bilmirәm. Sizә xәbәrdarlıq elәdim, vәssәlam.
- Qorxma,” - dedim, - bizim bir neçә köynәk-tumandan savayı bir şeyimiz yoxdur.
Ancaq xidmәtçinin bu halәti mәni hәm tәәccüblәndirdi, hәm dә ona gülmәyim tutdu. Nә isә, mehmanxanadan çıxıb dәniz kәnarına getdik. Hәr tәrәfә baxdım, yenә dә Batumda olduğu kimi, hәmvilayәtlәrimizi gördüm. Dәstә-dәstә özlәrini günә verib bitlәnirdilәr. Bizdәn bir qәdәr aralı bir dәstә adam toplaşdı. Sәs-küy ucaldı. Çatan o adamı döyürdü. Mәn camaatdan soruşdum ki, bunun günahı nәdir, nәçidir vә nә üçün döyülür? Dedilәr iranlıdır, özü dә muzdurdur. Sahibi Bakı әhalisindәn olan bir müsәlmanın gәmisindә işlәyir. Onu vuranlar da gәmi muzdurlarıdır. Özlәri dә bu şәhәrin әhalisindәndirlәr.
Dedim:
- Bәs bu necә müsәlmançılıq oldu ki, bir günahsız qәrib adamın üstünә әlli adam tökülüb vurur?
İstәdim özümü ortalığa atım. Tәmkinli adama oxşayan bir şәxs mәnim qolumdan tutub dedi:
- Yaxın getmә, sәni dә onun kökünә salarlar. Görünür, siz bu şәhәrә tәzә gәlmişsiniz. Biz hәr gün bu kimi hadisәlәrin şahidi oluruq. Ürәyimiz od tutub yanır. Bizim bu cür zәlil, xar vә sәrgәrdan olmağımıza bais olanların cәzasını qoy allah özü versin.”
Bu da ürәynmin köhnә yaraları üstünә tәzә duz sәpdi. Öz-özümә deyinә-deyinә, allahın cәlalına şükür deyә-deyә limana tәrәf gedib, Uzunadaya gedәn gәminin nә vaxt yola düşәcәyini öyrәndim. Dedilәr bir gәmi sabah yola düşәcәk. Amma gәzәyәndir, birbaşa gedәn deyil, sahillәri dolaşıb yük, sәrnişin axtarandır. Başqa bir gәmi dә var ki, buradan birbaşa Uzunadaya üzür. Ancaq dörd gündәn sonra hәrәkәt elәyәcәk.
Düşündüm ki, dörd gün dәnizin üzündә qalmaq bu şәhәrdә oturub rәhmsiz, acizә qәnim adamları görmәkdәn yaxşıdır. Oradan tez qayıdıb mehmanxana xidmәtçisinә tapşırdım ki, bizim üçün gәmiyә iki bilet alsın. Sabah hәrәkәt etmәli idik. Tәzәdәn şәhәri gәzmәyә başladıq. Bu şәhәrdә bağ-bağça, gül-çiçәk yoxdur. Lakin çox hündür vә әzәmәtli imarәtlәri, mötәbәr ticarәt müәssisәlәri vardır. Bunların çoxu müsәlmanların vә ermәnilәrindir. Yer üzündәki mәdәnlәrin әksәriyyәtindәn daha az tanınmış bu qara neftin bәrәkәtindәn hәmin imarәtlәr göyә ucalmış, saysız-hesabsız sәrvәt toplanmışdır....
Deyildiyinә görә, Bakı müsәlmanlarından bir neçәsinin, o cümlәdәn Hacı Zeynalabdin Tağıyevin neçә milyon manatlıq var-dövlәti var. Onun müsәlmançılıq qeyrәti vә hәmiyyәti müsәlmanların iftixarına vә başının ucalığına sәbәb olubdur. Hamı onun adını hörmәtlә yad edir, haqqında tәriflә danışırlar. Deyirlәr tәbiәtәn xeyriyyә işlәrinә, müsәlmanların tәrәqqisinә vә maariflәnmәsinә böyük sәy vә hәvәs göstәrir. Özü dә müsәlmanların qeyrәtli vә hәmiyyәtli şәxsiyyәtlәrindәn biridir. Allah onun kimilәrin sayını müsәlmanlar içәrisindә daha da artırsın! Bakıda bir neçә nәfәr mötәbәr İran taciri dә var. Tanışlığım olmadığına görә onlarla görüşümüz olmadı. Yusif әmiyә dedim ki, daha bundan sonra İran sәfәri başlanır. Gәrәk qәnd-çay, yağ-düyü alaq. Bir pud sәdri düyüsü aldıq. Amma çox baha idi. Sәbәbini soruşdum. Dedilәr quraqlıq olduğuna görә İran dövlәti düyünü xaricә ixrac etmәyi bәrk qadağan edibdir. Ona görә dә iki ay olar ki, düyü azalıb vә qiymәti çox qalxıbdır.
Şәhәri gәzә-gәzә günü başa çatdırdıq. Mehmanxanaya gәlib bir qәdәr istirahәt etmәk istәdik. Ancaq taxtabiti, birәnin әlindәn gözümüzü yuma bilmәdik. Sәhәrәdәk ulduzları sayıb, oyaq qaldıq. Sübh tezdәn vahid allahın dәrgahına iki rikәt namaz qıldıqdan sonra özümüzü gәmiyә çatdırıb, çayı orada içdik. Günortaya üç saat qalmış gәmi yola düşdü. Sabahısı gün hәmin vaxt Әnzәli limanında lövbәr saldı. Hava olduqca gözәl idi. Gәmidәn çıxdıq. Bir tәrәfdәn gәminin yükünü boşaldır, o biri tәrәfdәn onu yüklәyirdilәr. Gәtirilәn tayların hamısı düyü idi. Sahildә körpü üstündә dayanmış bir şirvanlıdan soruşdum:
- Bakıda deyirlәr ki, İran dövlәti düyünü başqa ölkәlәrә ixrac etmәyi qәti qadağan edibdir. Bәs necә olub ki, bu qәdәr düyünü gәmiyә doldururlar?
O cavab verdi:
- Rәhmәtliyin oğlu, İran dövlәtinin hökmü nә vaxt vә harada yerinә yetirilibdir ki, indi bu qadağan olunmaq hökmünә dә qulaq asan olsun. Doğrudur, Tehran tәkidlә qadağan edibdir. Ancaq vilayәtin hakimi dövlәtin әmrini qulağının ardına vurub, düyünün hәr kisәsindәn Rәştdә bir qran, Әnzәlidә on şahı rüşvәt alır vә xaricә aparmağa icazә verir. Hәr gәmidә min, iki-min kisә düyü aparırlar. Ancaq guya bunu görәn yoxdur.
Gәmi bütün yükünü tutduqdan sonra axşam üstü yola düşdü. Nәhayәt, dördüncü gün Uzunadaya, oradan da Aşqabada çatdıq. Dayanmadan qırx beş manata dördatlı bir kalyaska kirә elәyib, uzun illәrdәn bәri ürәyimdә arzusunu bәslәdiyim müqәddәs Mәşhәdin ziyarәti әzmi ilә yola düşdük. Ancaq Aşqabadda da hәmvәtәnlәrimi bundan әvvәl rast gәldiyim şәhәrlәrdә olduğu kimi gördüm. Gecә yolüstu karvansaralardan birindә qaldıq. Sәhәri yenә dә yolumuzu davam etdirdik. Uzun mәsafә keçdikdәn sonra Xorasan torpağının bir hissәsi olan İran-rus sәrhәddinә gәlib çatdıq. Aşqabad tәrәfindә ruslar uca vә әzәmәtli imarәtlәr tikib, hәr tәrәfә qarovul qoyublar. Yarım saata qәdәr bizi saxlayıb, pasportlarımıza vә vәsiqәlәrimizә qol çәkdilәr. Sonra sәrhәddi keçmәyә izin verdilәr. Tәxminәn on dәqiqәlik bir mәsafәni keçdikdәn sonra bir sıra әlamәt vә nişanları olan nöqtәyә gәlib çatdıq. Kalyaskaçımız әli ilә işarә edib dedi:
- Bu nişanların o tәrәfi İran torpağı, bu tәrәfi isә ruslarındır.
Mәn kalyaskaçıya dedim:
-Bir qәdәr saxla, işim var.
Sürücü kalyaskanı әylәtdi. Mәn aşağı düşüb yerdәn bir ovuc torpaq götürüb öpdüm, iylәyib gözümә sürtdüm. Dedim: ey mәnim ağlar gözlәrimin dәrmanı olan pak türbәt, allaha şükür ki, sәni görmәk mәnә nәsib oldu. Sәni görmәklә gözlәrim işıqlandı. Sәn bütün möhtacların sığınacağı, babalarımızın әbәdi uyuduğu torpaqsan. Sәn öz nazlı qucağında bizlәri bәslәdin, bizi min mәhәbbәtlә boya-başa çatdırdım. Biz isә sәnin o tükәnmәz qayğı vә mәhәbbәtinin müqabilindә heç bir şey deyә bilmәrik. Ona görә ki, boynumuzda sәnin böyük haqqın var. Elә buna görә dә müqәddәs islam şәriәtinin banisi (ona vә onun övladına salam vә salavat göndәririk), sәni sevmәyi allaha inamla bәrabәr tutdu. Daha mәn sәnin tәrifindә nә deyim ki, yüksәk şәninә layiq olsun.
Qәhәrlәndim. Boğazım qovuşdu. İxtiyarsız olaraq göz yaşlarım axıb, o pak torpağın üzәrinә töküldü. Dәrdli könlümün arzuladığı kimi bir qәdәr sevinclә ağladım. Belә düşünürәm ki, bu ağlamağın lәzzәti son nәfәsimәdәk mәnim könlümün әn әziz bir guşәsindә yadigar qalacaq. Kalyaskaçı hәdsiz heyrәtlә mәnә baxırdı. O, dәrin tәәccüb vә heyrәtdәn sonra dedi:
- Afәrin sәnә, Hacı oğlu! Mәn neçә ildir ki, bu yolda işlәyirәm, sәn birinci adamsan ki, öz vәtәninin torpağını әziz tutdun. Mәnim dә ürәyim dağlıdır, mәn dә sәnin kimi dәrdliyәm. Mәnim dә sәnin kimi vәtәnә deyәcәyim ürәk sözlәrim, nisgillәrim var. Bizim ölkәmiz babalarımızın bacarıqsızlığından zәlil günә qaldı.... Nә etmәk olar? Әgәr İran dövlәti düz-әmәlli dövlәt olsaydı, ölkәsindә qanun, nizam-intizam vә hüquq bәrabәrliyi olsaydı, rәiyyәtini hakimlәrә keçi qiymәtinә satmasaydı, biz heç vaxt әcnәbilәrin hökmünә boyun әymәzdik, hәr şeydәn әl çәkib, İrana köçәrdik.
- Әmi, adın nәdir, - deyә soruşdum.
-Abbasdır, - dedi.
Bu sadә kişinin vәtәnpәrvәrliyinә min afәrin söylәdim.
Yolumuza davam etdik. On dәqiqәdәn sonra alçaq bir daxmaya çatdıq. Divarının dibindә üç-dörd nәfәr özlәrini günә verib, qәlyan çәkirdilәr. Uzaqdan bizi görәn kimi biri ucadan qışqırıb dedi:
-Ey, hәmşәri, biletlәrinizi gәtirin görәk!
Kalyaskaçı üzünü mәnә tutub dedi:
- Bunlar İran mәmurlarıdırlar, tәzkirә pulu istәyirlәr.
İrәli gedib salam verdim. Salamımı almadılar. Ancaq biri soruşdu:
-Neçә nәfәrsiniz?
Dedim:
- Görürsünüz ki, iki nәfәrik. Daha buna sual-cavab nә lazım.
- Onda iki tümәn ver, - dedi.
Bir söz demәdim. Cibimdәn iki tümәn çıxarıb verdim. Pulu alıb dedi:
-Yaxşı yol!
Daha nә tәzkirәni istәdi, nә dә alıb qol çәkdi. Onun bu rәftarına çox tәәccüb etdim. Ancaq heç bir söz demәdim. Kalyaskanı sürüb buradan da sürәtlә keçdik. Yusif әmi dedi:
- Bәy әfәndim, yola çıxandan bәri mәn sizdәn heç bir xahiş elәmәmişәm. Әvvәla, sizdәn artıq dәrәcәdә razıyam. İndi sizdәn bircә tәmәnnam var. Rica edirәm onu nökәrinizdәn qәbul edәsiniz.
- Buyur,- dedim.
- Gәl mәnim sözümә qulaq as, elә gәldiyimiz yolla Misirә qayıdaq, - dedi. - Mәn sizin xasiyyәtinizә yaxşı bәlәdәm. Bu ölkәdә hәr gün bir xoşagәlmәyәn hadisәyә rast gәlib, qüssә elәyirsәn. Qorxuram, allah elәmәmiş, xәstәlәnib elәyәsәn. Onda mәn sәnin anana nә cavab verәrәm? İranın bir hissәsini gördünüz. Tehranda sәnin könlünü açan bir şey görmәyәcәksәn.
Mәn Yusif әminin xahişini rәdd etdim:
- Yusif әmi, özün bilirsәn ki, hәr şeydәn keçәndәn sonra mәn indiyәdәk atamın vәsiyyәtinә görә sәnә hәmişә hörmәt elәmişәm, sәni atamla bәrabәr tutmuşam. Xahiş edirәm, bu barәdә mәnә әsla mane olmayasan. Mәn öz әzmimdәn dönmәyәcәyәm. Qorxuram atamın vәsiyyәti xilafına rәftar etmiş olam. Bu sәyahәt ancaq mәnә mәxsusdur. Özüm Tehrana getmәyincә, nazirlәrin vә dövlәt başçılarının xidmәtinә çatmayınca, onların dünyadan xәbәrsizliyi, millәtin halının pәrişanlığı vә mәmlәkәtin viran qalmasının sәbәblәrini öyrәnmәyincә ürәyim sakitlәşmәz. Ya gәrәk bu yolda başımı qoyam, ya da hәmin xoşagәlmәyәn vәziyyәtin sәbәbini öyrәnәm, vәssәlam.
Yazıq Yusif әmi әlacsız qalıb, heç bir söz demәdi, sakit dayandı. ... Sәhәrә yaxın oradan da çıxdıq, gәlib şәhәrә çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:
- Biz harada mәnzil tutsaq yaxşıdır?
Dedi:
- Hacı Mәhәmmәdhәsәn karvansarasının dalandarı mәnim dostumdur. Sizi oraya apararam. Özü dә yaxşı adamdır, tapşıraram sizә gözәl qulluq elәr.
Biz birbaşa haman karvansaraya getdik. Bizim üçün bir hücrә boşaltdı. Hacı Hüseyn cilovdar bizi oradakılara tapşırıb getdi. Әl-üzümüzü yuyub, yolun toz-torpağından tәmizlәndik. Dalandar samovar gәtirdi, çay içdik. Dalandarı çağırıb adını soruşdum. Dedi:
- Adım Mәşәdi Abdulladır.
-Bizә bir yaxşı dükan göstәrin, -- deyә ondan xahiş elәdim.
-İltifatınız artıq olsun,” - dedim. -Siz lütfәn bizә bir yaxşı yemәkxana göstәrin, özünüz dә bu gün bizimlә bir yerdә nahar etsәniz bizi minnәtdar etmiş olarsınız.
Bizi bir dükana apardı. Doğrudan da, olduqca tәmiz vә sәliqәli bir yemәkxana idi. Tiflisdәki yemәkxanaların әksinә, burada hәr şey öz qaydasında idi. Söhbәt әsnasında soruşdum:
-O ingilis nәçidir, sizә nә deyirdi?
Dedi:
- Bu adam İngiltәrә kompaniyasının nümayәndәsidir. Tehrana gәlibdir ki, İran dövlәtindәn bir sıra imtiyazlar alsın vә mәdәnlәrin ixtiyaratını әlә keçirsin. Bayaq deyirdi ki, mәsәlә baş tutubdur, imtiyazları almışam. Guya sәdr-әzәmә otuz min tümәn bığ-yağı vermiş, şahın payına düşәn hissә hәlә mәlum deyil.
- Olmaya әrizәdәn-zaddan vermәk istәyirsәn, -- deyә soruşdu.
-Yox, - dedim. - Onların özünü görüb bir para deyilmәli mәtlәblәri onlara şәxsәn söylәmәk istәyirәm.
- Dostum, mәn sәnә ikicә tümәn nәqd verәrәm, -- dedim, -o adama da hәr neçә lazımdır verәrәm. Sәnin heç nәynәn işin olmasın, ancaq onu mәnә göstәr, vәssәlam.
Әlqәrәz, ağa Mәşәdi Hәsәn Kirmani getdi. Sabahısı gün gәlib dedi:
- O vasitәçini görüb işlәri düzәltmişәm. Bismillah, buyurun gedәk yanına.
Durub getdik. Çoxlu yol gәldikdәn sonra qaranlıq bir döngәyә çatdıq. Elә burada mәni vahimә basdı. Özümü mәzәmmәt elәdim ki, nә üçün tәk gәldim, Yusif әmini özümlә gәtirmәdim. Allaha tәvәkkül deyib, döngәyә daxil oldum. Lap sonunadәk getdim. Mәşәdi Hәsәn qapını taqqıldatdı. Qapını açdılar. Altmış-yetmiş yaşlarında olan bir qoca kişi gördüm. Başında dövrәsinә bir fitә sәrinmiş keçә papağı var idi, saqqalı qırmızı, sifәti qara idi. Fәlәk başına qәm külü әlәmiş, bütün dişlәri tökülmüşdü. Ölgün gözlәri, sönük baxışları var idi. Paltarı o qәdәr kirli idi ki, parçasının әvvәlcә nә rәngdә olduğu mәlum deyildi. Mәşәdi Hәsәn qocadan soruşdu:
- Hacıxan evdәdirmi?
Qoca cavab verdi:
- Bәli, buyurun, sizi gözlәyir. Otağın qapısına gәlib çatdıq. Qoca pәrdәni qaldırdı: kimi görsәm yaxşıdır?--Gördüm mәşhur molla Hacı Mәmmәdәli yuxarı başda ağır-ağır özünü çәkib әylәşibdir. O da, mәn dә bir-birimizi görcәk heyran qaldıq. İkimiz dә bir-birimizi tanıdıq. Yerindәn dik qalxıb mәnә tәrәf әl uzatdı. Görüşdük, qucaqlaşıb öpüşdük, ancaq mәn türkcә danışdıqca o özünü farslığa vururdu.
Gördüm Mәşәdi Hәsәndәn utanır, onun yanında qәdir-qiymәtdәn düşmәk istәmir. Mәn dә sözümü dәyişdim. "Әrz elәyirәm", "buyurursunuz", "mübarәk başınıza and olsun", "cәnabınız buyurun" demәyә başladım. Mollanın nәfәsi açıldı, bir qәdәr rahatlaşdı, tәzәdәn özünü tutdu, kef-әhval soruşdu.Bu minvalla yarım saata yaxın söhbәt elәdik. İzin alıb getmәk istәdim. Әdәblә baş әyib yola düşdüm. Otaqdan çıxandan sonra mәni sәslәdi. Mәn qayıtdım. Mәşәdi Hәsәn dayanıb mәni gözlәdi. Hacıxan ağzını qulağıma tutub dedi:
- Sabah gecә gәlin bura, xudmani oturub mәhrәmanә söhbәt elәrik, razu-niyaz, dәrdi-dil edәrik. Şamı da bir yerdə yeyәrik.
Bazaradәk gәldik. Mәn Mәşәdi Hәsәnә dedim:
-Siz buyurun tәşrif aparın. Sabah da zәhmәt çәkmәyin.
Mәn daha ona demәdim ki, Hacıxan bizim vәdәmizi alıb. Mәnzilә qayıtdım, gözlәyirdim ki, sabah şam vaxtı tez gәlib çatsın vә Hacıxanın evinә gedim, görüm o molla Hacı Mәmmәdәli haradan xan olub, nә vaxtdan camaatın müraciәt etdiyi adam olub.
Oxucuları agah etmәk üçün burada molla Hacı Mәmmәdәlinin sәrgüzәşti vә onunla ilk tanışlığım haqqında, müxtәsәr dә olsa, mәlumat vermәliyәm. Qoy onlar da bilsinlәr ki, bu gün mәn bu evә gәlәndә kimә tәzim elәmişәm, oradan çıxanda kimә baş әyib getmәk üçün izn almışam.
Günlәrin birindә mәrhum atamın xidmәtindә әylәşmişdim. Gördüm Misir torpağının limanından, yәni İskәndәriyyәdәn atamın adına bu mәzmunda bir teleqram gәldi: "Sizin ziyarәtinizә gәlmәk istәyirik, Misirdә tәşrifiniz vardırsa vә bir maneә yoxdursa cavab verin. İmza: Cәfәr Tәbrizi".
Mәrhum atam dedi: Bu şәxs mәnim hörmәtli dostlarımdandır. Ola bilsin allahın evini ziyarәt etmәyә gedir. Cavabda yazın ki, tәşrif gәtirin, gözlәyirәm. Yazdım. Axşamçağı qonağı qarşılamaq üçün dәmiryol vağzalına getdim. Qatar gәlib çatdı. Mәlum oldu ki, qonaq tәk deyilmiş, dörd nәfәrdirlәr. Onlardan biri dә hәmin molla Mәhәmmәdәli idi. Hәzәrat yolda darıxmamaq vә sәfәri xoş keçirmәk üçün onun bütün xәrcini öhdәlәrinә götürüb, özlәri ilә yol yoldaşı elәmişdilәr. Guya onunla İstambulda rastlaşmışdılar.
Doğrudan da, molla Mәmmәdәli olduqca hazırcavab, xoşsöhbәt, gözәl xasiyyәtli vә zarafatçı bir adam idi. Bәzi әhvalatları o qәdәr yerli-yataqlı söylәyirdi ki, hamını valeh edirdi. Günlәrin birindә öz başına gәlәn macәralardan birini nağıl elәdi. Hamı heyran qaldı. Deyirdi ki, bir dәfә Azәrbaycan tacirlәrindәn biri mәnә altmış top qanovuz verdi ki, aparıb Tiflisdә әridim. Mәn malı götürüb Tiflisә yollandım. Tiflisә çatmağımdan iki hәftә sonra tacirdәn mәktub gәldi. Yazmışdı ki, pula ehtiyacım var. Mәktubu alan kimi yüz imperialın baratını alıb göndәr. Baratın harada satıldığını soruşdum. Dedilәr: filankәs baratçıdır. Onun yanına getdim. Dedim: Hacı, yüz imperiallıq barat istәyirәm. O da dinməz-söylәmәz yazıb verdi. Ona görә ki, o vaxt Tiflisdә hamı bir-birinә inanır, etibar elәyirdi. Bir-iki hәftә üçün nisyә barat verirdilәr. Bir hәftә keçmәmiş gördüm yenә dә әrbabdan kağız gәldi. Bu dәfә dә yüz imperial barat istәyirdi. Yenә dә baratçı tacirin yanına gedib yüz imperiallıq barat alıb göndәrdim. Bu hadisәdәn bir neçә gün keçdi. Birdәn gördüm Hacının adamı gәlib baratların pulunu tәlәb etdi. Mәn dedim: әlimdә nәqd pul yoxdur, gәrәk qanovuzları satam, sonra borcumu verәm. Tәlәbkar hirslәndi, çoxlu söz-söhbәtdәn sonra qanovuzları әlimdәn dartıb apardı. Neçә vaxtdan sonra mәni Tәbrizә çağırdılar. Getdim. Әrbab kef-әhval soruşandan sonra dedi:
- Hәr nә pul gәtirmisәn say bura.
Dedim:
- Pul-mul yoxdur.
Nisyә barat almağımı, baratçının adamlarının gәlib qanovuzları girov götürmәsini olduğu kimi nәql elәdim. Kişi dәli kimi bağırdı, durub hakimin yanına qaçdı. Mәnim әlimdәn şikayәt elәdi. Hakim mәhkәmә qurdu. Neçә dәfә mәclis quruldu, mәndәn dәftәr istәdilәr. Dedim: baba, dәftәr harada idi. İki dәfә barat alıb buraya göndәrmişәm, mәnim apardığım da bir qәlәm mal idi. Onu da barat sahibi zorla әlimdәn alıb apardı. Bütün bu haqq-hesab bir tikә kağızda yazılmışdı. Heç bilmirәm bu keşmәkeşdә necә oldu.
Mәclisdә iştirak edәn xeyirxah barışdırıcılar o saat yazıb hökm çıxardılar: - Molla Mәmmәdәli ticarәt dәftәrini itirdiyini etiraf elәdi. Surәti-mәclisi hakimin yanına apardılar. Hakim Tәbrizdә deyildi. Onun hәlә üzünün tükü çıxmamış cavan oğlu "naibülökumә" ünvanı ilә atasının yerindә oturub hökmranlıq edirdi. Mәni onun hüzuruna apardılar. Pәncәrә qabağında hakimә baş әyib әrzimi çatdırmaq istәdim. Hakim dedi:
- Oğlan, deyirlәr sәn dәftәr itirmisәn?
Dedim:
-Qurbanın olum, dәftәr-zad itirmәmişәm.
Mәnә qulaq asmadı. Dedi:
- Aparın saxlayın!
Mәni çәkib apardılar. Fәrraşbaşı qardaşımla tanış idi. Dedi:
- O qәdәr dә müqәssir deyil, otaqda saxlayın.
Apardılar. Zindanın qapısına çatdıq. Gördüm dustaqban zәncir, kündә hazırlayır. Fәrraş dedi:
-Zәhmәt çәkmәyin, fәrraşbaşı buyurub otaqda saxlayasınız. O qәdәr dә müqәssir deyil.
Dustaqban anladı ki, mәndәn ona heç bir yağ düşmәyәcәk. Ona görә dә hirsindәn mәnә bir içim su da vermirdi. Qardaşım hәr vaxt yemәk gәtirәndә ona deyirdim su da gәtirsin. Bu minvalla dörd gün dustaq qaldım. Beşinci gün pәncәrәnin yanında әylәşmişdim. Gördüm mәnimlә tanış olan tacirlәrdәn biri şahzadә hakimin yanına gedir. Mәni görcәk dedi:
- Gәdә, molla, burada nә işin var?
Әrz elәdim ki:
- Allah sizin kölgәnizi bizim başımızdan әskik elәmәsin. Daha bir iş idi olub-keçib.
Kәtxuda tez sözümün arasına girdi:
- Yox-yox, ola bilmәz. Necә ki, mәnim mәhәllәmdәn sәnin kimi әsil-nәcabәtli bir adamı aparıb müqәssir qәlәmә versinlәr, başqa bir mәhәllәdә dama bassınlar?! Gәrәk atalarını yandırım. Mәn belә bir biabırçılığa dözә bilmәrәm.
Kәtxuda qırsaqqız olub yapışdı canıma.
Dedim:
- Möhtәrәm kәtxuda, allah sizin ömrünüzü uzun elәsin. Әrz elәdim ki, bir iş idi olub-keçib. Mәn dә artıq tәzkirә almışam, sabah Tiflisә yola düşürәm...
Hәlә sözümü qurtarmamışdım ki, kәtxuda son dәrәcә qәzәbli halda dikәlib, yerindәcә şax oturdu, sonra dedi:
- Necә, nә dedin? Tiflisә gedәcәksәn? Qәlәt elәycәksәn, bütün şәhәri doyurdun, indi bizә çatanda әllәrini göyә qaldırıb dua oxuyursan?! Sәn mәni nә hesab elәyirsәn?Mәn sәnin üçün bәyәm ölü at kәllәsiyәm ki, bostanda asasan?! Atanı elә yandırım ki, özün әhsәn deyәsәn.
Bәli, bizi sürüyә-sürüyә çәkib apardılar kәtxudanın dustağına. Yazıq anam xәbәr tutan kimi evin əşyasından bir neçә şey dәyәr-dәymәzinә satıb, kәtxudaya peşkәş verdi, mәni xilas elәdi. Zindandan çıxan günün sabahı Tiflisә getdim.
Molla bu kimi hekayә vә macәralardan çox bilirdi. Mәclislәrdә onları nәql etmәklә camaatı özünә cәlb edirdi. Elә mәhz bu "sәrmayә" ilә dә gününü onun-bunun mәclisindә keçirәr, başını bir tәhәr girlәyәr, yemәk-içmәyini müftә salardı. Onun başına hәtta süfrә başında da minbir oyun açar, onunla cürbәcür zarafatlar elәyәrdilәr. Ancaq o, әsla incimәz, hamısına dözәr, mәclisi qızışdırar vә gecә-gündüzünü bu minvalla keçirәrdi. Bәli, tәrifini qısaca şәrh etdiyim belә bir cәnab İranda "Hacıxan" olub camaatın әrizәsinә baxır, işini düzәldir!
O gün heç bir işim olmadığına görә bir üzdәn dәqiqәlәri sayırdım. Görüş vaxtı nә zaman gәlib çatacaq ki, gedib onunla görüşüm; birdәn-birә necә xanlıq rütbәsi aldığını, dövlәt vә millәt qarşısında nә kimi xidmәtlәr göstәrdiyi üçün belә böyük ada layiq olduğunu öyrәnmәk istәyirdim. Gecәni min cür fikir-xәyalla sәhәrә çatdırdım. Sәhәr tezdәn Yusif әmiyә dedim:
- Bu gün Şah Әbdülәzimin ziyarәtinә gedәcәyik. Gecәni dә bir yerdә qonaq olacağıq.
Yusif әmi soruşdu:
- Harada qonağıq?
- Bir nәfәr xanın evindә qonağıq,- dedim. -Sәn özün dә onu tanıyırsan. Amma adını demәyәcәyәm, özün görüb tanıyarsan.”
Yusif әmi nә qәdәr tәkid etdisә dә bizi dәvәt edәn şәxsin adını söylәmәdim. Mәnzildәn dәmir yol vağzalınadәk piyada getdik. Yeddi mildәn az olan Şah Әbdülәzim yolu bütün İran mәmlәkәtindә yeganә dәmir yoludur. Onu da bir Belçika şirkәti çәkmişdir. Hәrçәnd ki, son dәrәcәdә nizamsızdır, amma yenә dә evi abad olsun ki, eşşәyә minib getmәkdәn min dәfә yaxşıdır. Bircә saatın әrzindә mәqsәdә çatıb, o müqәddәs mәkanın ziyarәtinә nail olduq. Namaz qılandan sonra o müqәddәs türbәyә tamaşa etdik. Bu mәqbәrә mәnәvi ülviyyәtә malik olmaqdan әlavә әzәmәtli vә gözәl şәkildә tikilmişdir. Bu, memarlıq, aynabәndlik vә tәmizlik cәhәtdәn İranda ziyarәt edib qәlbәn şad olduğum ilk ibadәtgahdır. Bir qәdәr әylәşdik, vaxtımızı dua vә quran oxumaqla keçirdik. Nahar çağı oradan bazara çıxıb, bir baqqal dükanından bal-qaymaq alıb yedik. Axşamüstü yenә dә dәmir yol qatarı ilә şәhәrә qayıtdıq. Şәhәrdә bazarları vә karvansaraları gәzib seyr etdik. Çarsu vә bazarlar pis deyil. Karvansaraların da binaları gözәl vә abaddır. Amma heç bir yerdә bu kimi böyük şәhәrlәrin ticarәtinin tәrәqqisinә vә әzәmәtinә sәbәb olan kompanilәr, şirkәtlәr, banklar vә kontorlara rast gәlmәdik. Şәhәr ticarәt nöqteyi-nәzәrindәn elә bil matәmә batmışdı. Bir para sәrraf dükanları gözә dәyirdi. Ola bilsin ki, onların bәzisi varlı-karlı idi. Amma hamıdan çox gördüyümüz kisә-kisә, xırman-xırman qara pul idi ki, ayaq tutub bazarda yeriyirdi. Ancaq qızıl pul kimya hökmündә idi. Bütün şәhәrdә nümunә üçün dә olsa ondan iz-әsәr görmәdik. Görünür, ya әslәn yoxdur, olsa da sandıqların tәkindә vә ya torpağın altındadır.
Vәtәnin tәrәqqisi vә islahı haqqında heç kәs düşünmür. Kiçikdәn böyüyә, varlıdan kasıba, alimdәn cahilәdәk hamı öz fikrindәdir. Hәr kәs öz eşşәyini otarır. Heç kәs başqasının hayına qalmır. Bir nәfәr belә vәtәn vә övladi-vәtәnin müştәrәk mәnafeyindәn danışmır. Sanki bu onların heç vәtәni deyil, ya da ki, onlar bir-birlәri ilә hәmvәtәn deyillәr.
Ancaq ürәk açan bir şey varsa o da Tehranın küçә-bazarında görünәn hәrbçilәrdir. Hәlә buraya gәlәnәdәk İranın heç bir yerindә hәrbi paltar geymiş adam görmәmişdik. Süvarilәr, topçular, hәtta teleqraf qulluqçularının xüsusi hәrbi paltarları vardır. Xüsusilә kazaklar vә onların zabitlәri tamamilә rus kazakları kimi geyinmişdilәr. Hava tamamilә qaranlıqlaşırdı. Yusif әmiyә dedim:
- Vәdә verdiyimiz yerә getmәk vaxtıdır.
Hacıxanın evinә çatan kimi qapını döydük, Hacıxan özü qapıya gәldi:
- Buyurun,” - dedi.
Xoş-beşdәn sonra әylәşdik. Çay gәtirdilәr, içdik. Hacıxan dedi:
-Yaxşı, indi buyurun görәk, haradan gәlir, haraya gedirsiniz. Siz hara, Tehran hara?
Dedim:
- Mәn, әlbәttә, öz başımın qәzavü-qәdәrini söylәyәcәyәm, amma sәn allah, әvvәl sәn de görüm bu nә әhvalatdır, sәn hara, xanlıq hara?!”
- Mәnim sәrgüzәştim çox uzundur, ancaq qısaca desәm budur ki, özümü oda-közә vurub, iki-üç yuz manat pul yığa bildim. Hәmişә düşünürdüm ki, özümü bir tәhәr Tehrana sala bilsәm işim yaxşı tutar. Şahın hәrәmsәrası nәdimәlәrindәn birinin Avropada müalicә olunub İrana qayıdarkәn Tiflisә gәldiyini eşitdim. Mәn dә bir vasitә tapıb, onun xidmәtçilәri sırasına keçdim. Rәşt şәhәrinә qәdәr onun bütün adamlarının saqqızını oğurladım. Rәştdәn Tehranadәk camaata elә göstәrirdim ki, guya mәn onun müşayiәtçilәrinin lap mötәbәrlәrindәnәm. Yol üstündә o hörmәtli xanımın pişvazına gәlәnlәr mәnim söhbәtlәrimә vurulurdular. Hәr birisi mәni öz yanına çәkirdi, qonaq dәvәt elәyirdi. Mәn dә özümü tutub, әvvәlcә qәbul elәmirdim, boynuna böyük bir minnәt qoyandan sonra söhbәtlәrimlә onların mәclislәrini rövnәqlәndirirdim. Nәhayәt, Tehrana çatdıq, az bir müddәt içәrisindә böyük-böyük mötәbәr mәclislәrә yol tapdım. Söhbәtlәrimin pәrәstişkarları gündәn-günә artır, bazarım getdikcә qızışırdı. Bilirsiniz ki, mәn farsca yaxşı bilmirәm, ancaq bir tәhәr qırıldadıram. İnanın ki, bunun özü dә mәnә fayda verdi. Farsca bilmәmәyim onların xoşuna gәlirdi. Mәn dә qәsdәn onların xoşuna gәlmәk üçün özümü lap bilmәmәzliyә vururdum ki, bunun özünün dә başqa bir mәzәsi var idi. İş oraya çatdı ki, sәdr-әzәmin dә mәclisinә ayaq açdım. Mәnim söhbәtlәrimdәn o dәrәcәdә xoşu gәldi ki, sabahısı günü mәnә bir şir-xurşid nişanı ilә xanlıq lәqәbi mәrhәmәt buyurub, başımı göylәrә qaldırdı.
Әgәr bir mәsәlә üçün vasitәçi axtarırsansa, yaxud yüksәk bir mәqama әrizә çatdırmaq olarsa, әlimdәn gәlәr. Amma sәni vәzirlәrin yanına aparmağı, onlarla hәmsöhbәt elәmәyi bacarmaram. Yәni bacarmaram deyәndә bir qәdәr yalan olar, bu tezlikdә bacarmaram. Әgәr beş-altı ay burada qalsanız, o da mümkündür. Bilirsiniz, gәrәk belә iş üçün münasib fürsәt әlә düşә.
- Bu şәhәrdә uzun müddәt qalmaq mәnim üçün mümkün deyil, getmәliyәm,- dedim.
Bir qәdәr fikrә daldıqdan sonra dedi:
- Vәzirlәrdәn hansını görmәk istәyirsәn?
- Daxili işlәr naziri ilә, xarici işlәr naziri ilә, bir dә hәrbi nazir ilә görüşmәk istәyirәm.
Yenә dә gözlәrini namәlum bir nöqtәyә dikib dayandı, az sonra üzünü mәnә çevirib dedi:
- Bir tәdbir nәzәrimә gәldi. Görәk nә nәticә verәr.
Götürüb bir-birinin ardınca üç mәktub yazdı. Hәr birisini ayrıca zәrfә qoyub, üstünü yazdıqdan sonra mәnә tәrәf uzadıb dedi:
- Bu Mirzә Kazım bәyә yazdığım mәktubdur. O, xarici işlәr nazirinin uşaqlarının müәllimidir. Özü dә әslәn әrәbdir. Әrәb dilindәn çox xoşu gәlir. Әrәbcә danışdığınızı görәn kimi sizi rәğbәtlә qarşılayacaq, nә dәrdin olsa onun çarәsini elәyәcәkdir. İkinci mәktub Rza xanın adınadır. O da daxili işlәr nazirinin xidmәtçisidir. Bunu da ona çatdırmalısan. Üçüncü mәktubu Әsәd bәy fәrraşbaşının ünvanına yazmışam. O da hәrbi nazirin fәrraşbaşısıdır. Gәrәk ona verәsәn. Әgәr adamdır, işdir, birdәn gördün ki, Rza xan vә Әsәd bәy çәm-xәm elәyib rәdd cavabı verirlәr, ovuçlarına xәlvәtcә bir-iki tümәn pul bas. Onda yumşalarlar. Amma ehtiyatlı ol, Mirzә Kazım bәy rüşvәtxor deyil ha.... O heç nә qәbul elәmәz. Mәşәdi Hәsәn Kirmani bu nazirliklәri tanıyır, sabah onu bәlәdçi götür. İnşaallah, mәqsәdinә çatarsan.
Sәhәr tezdәn durub namaz qıldıqdan, çay içdikdәn sonra bir para xәyallar mәni özünә mәşğul elәmәyә başladı. Gecә bәzi qarışıq yuxular görmüşdüm. Dәstәdәn dörd saat keçmiş Mәşәdi Hәsәni uzaqdan gördüm. Pillәkanları çıxıb mәnzilә gәlmәk istәyirdi.
İçәri girdik. Әsәd bәy fәrraşbaşının sorağını tutduq. Otağını göstәrdilәr. Gördüm on yeddi yaşında gözәl bir oğlandır. Әynindә başdan ayağa gülәbәtinli sәrdarısı var idi. Vüqarla yuxarı başda әylәşmişdi. Salam verib, kәmali-әdәblә Hacıxanın mәktubunu tәqdim elәdim. Kağızı mәnim üstümә tullayıb:
- Bu gün olmaz, - dedi. Sonra üzünü yana çevirdi. Yaxınlaşıb kağızı yerdәn götürmәk bәhanәsi ilә yavaşca bir imperial ovcuna qoyaraq dedim:
- Fәrraşbaşı, mәn qәribәm, hәm dә müsafirәm, tәvәqqe elәyirәm...
Mәn sözümü qurtarmamış imperialı görәn kimi dedi:
- Deyin qulluqçu Mirzağa gәlsin buraya.
Gördüm üzü günәş kimi şölә saçan, ondan da xoşgül bir oğlan gәldi. Әsәd bәy soruşdu:
- Vәzir tәkdirmi?
- Yox, -- dedi, - sәrtib Gәrrusi oradadır. Pul tәhvil verir, nazir dә oradadır.
Әsәd bәy mәnә dedi:
-Bir az әylәş.- Sonra Mirzağaya tapşırdı ki, vәzir tәk olan kimi ona xәbәr versin.
Yarım saatdan sonra Mirzağa gәlib, hamının getdiyini bildirdi. Fәrraşbaşı otaqdan çıxdı. Az sonra qayıdıb mәni işarә ilә çağırdı. Durub onun dalınca getdim. Ağzını qulağıma yaxınlaşdırıb dedi:
- Bu qulluqçuya bir zad ver.
- Gözüm üstә, -- dedim.
Üç dәnә beş qranlığım var idi, çıxarıb hamısını verdim. Pәrdәni qaldırdı. Gördüm vәzir pul kisәlәrini iki fәrraşa yüklәyib başqa qapıdan yola saldı. Ortalıqda bir az qızıl pul qalmışdı. Vәzir onları bircә-bircә tәrәzidә çәkirdi. Mәn baş әyib әllәrim döşümdә dayanmışdım. Bu vәziyyәt on dәqiqәdәn artıq davam elәdi. Vәzir pulları çәkib tirmә kisәyә qoyandan sonra üzünü mәnә tәrәf çevirdi.
- Nә istәyirsәn? -- dedi.
- Әrzim var,-- dedim.
- De görәk!

Daxili vә xarici işlәr nazirlәri ilә görüşәn vaxt söylәdiyim ilk sözlәri deyib әylәşmәk izni istәdim. Tәәccüblә mәni başdan ayağa qәdәr süzüb dedi:
- Ağa füzul, sözünü ayaq üstә deyә bilmәzsәnmi? Xәstә-zad deyilsәn ki?!
- Әrzim bir qәdәr uzundur, - dedim.
- Nә qәdәr uzun olur-olsun, ayaq üstә dayan, söylә,- dedi.
Gördüm oturmağa icazә vermәyәcәk. Qanı da bәrk qara idi. Bir söz desәydim yanından qova bilәrdi. Bununla belә dedim:

Әsәd bәy qorxa-qorxa dedi:
- Qurban, Hacıxan mәnә bir mәktub yazmışdı.
Daha bilmәdim ki, nә oldu. Hey sillә, tәpik idi ki, yağış kimi mәnim üz-gözümә yağırdı. Bir vaxt gördüm ki, nә çiynimdә әba qalıb, nә dә başımda papaq. Beş-altı nәfәr әl-ayağımdan, yaxamdan tutub sürüyür. Pillәkanların başında belimdәn elә bir tәpik ilişdirdilәr ki, axırıncı pillәdәn düşüb yerә sәrildim, neçә nәfәr dә aşağıdan hücum çәkdilәr. Tutub zindana aparmaq istәdilәr. Dedim:
- Baba, allah rizasına, әl çәkin mәnim yaxamdan. Vәzir buyurdu ki, salın bayıra, daha demәdi ki, dama basın.
Dedilәr olmaz! Mәşәdi Hәsәn özünü yetirdi. İngiliscә soruşdu:
- Aman, qardaşım, sәnә nә oldu?
Cavab verdim:
- Olan oldu. Amma tutmaq hökmü vermәyibdir. Bir tәhәr elә buradan başımızı götürüb qaçaq.
-Pulun var?- deyә Mәşәdi Hәsәn soruşdu.
- Heç nә yoxumdur, - dedim.
- Saatını çıxart,- dedi.
Yusif әmi yorğan-döşәk gәtirәn kimi mәn huşsuz düşdüm. Özümә gәlәndә gördüm çıraq yanır. Neçә nәfәr mәnim әtrafıma toplaşmışdı. Onlardan biri nәbzimi bir әli ilә tutmuş, o biri әlini alnıma qoymuşdu. Bildim ki, hәkimdir. Mәn gözlәrimi açan kimi hәkim soruşdu:
- Necәsәn, haran ağrıyır?
- Heç yerim ağrımır,-- dedim.
Hәkim üzünü Yusif әmiyә tutub dedi:
- Qorxma, heç bir qorxusu yoxdur.
Gördüm Yusif әmi ağlaya-ağlaya deyir:
- Ay hәkimbaşı, qurbanın olum, buna bir şey olsa mәn daha anasının yanına gedә bilmәrәm. Gәrәk özümü öldürüm.
Hәkim yenә dә dedi:
- Allahın bәndәsi, and içirәm ki, heç nәyi deyil. Bir az iztirab keçirib, ürәyi narahatdır. Bu da ona qәflәtәn üz verәn kәdәrli bir hadisәdәn ola bilәr. Әhәmiyyәti yoxdur, keçib gedәr.
Mәşәdi Hәsәn beş qran hәkimә verdi. Özü dә dәrmanları almağa getdi. Az keçmәdәn dәrmanla qayıtdı. Bu vurhayda mәn tez-tez Mәşәdi Hәsәnә işarә ilә andırırdım ki, mәtlәbi Yusif әmidәn gizlin saxlasın. Birdәn yadıma düşdü ki, yazıq Mәşәdi Hәsәn nahar da yemәyibdir. Üzr istәdim.
Xülasә, o hadisә zamanı aldığım zәrbәl




Copyright Ədəbiyyat dərsliyi © 2024