Seyid Əbülqasim Nəbati
Olasan
(ixtisarla)
Görüm, ey şux, səni xürrəmü xəndan olasan,
Qönçə gültək açılıb, zibi-gülüstan olasan.
Geyəsən əyninə hər həftədə bir dəst libas,
Bərq urub aləmə bir mehri-dirəxşan olasan.
Tirmə başında, ayağında firəngi başmaq,
Sona kəklik kimi hər yanə xuraman olasan.
...Olmaya şəngü qəşənglikdə də bir tay sənə,
Hamı dilbərlərə sən sərvəri-xuban olasan.
Nə qədər var isə ömrün gəzəsən məstanə,
Bu cahan bağına bir sərvi-xuraman olasan.
...Bir dua qıldı Nəbati, onu mövlayə burax,
Ta onun sineyi-suzanına dərman olasan.